“Reina” partlayışında şübhəli bilinən şəxslərdən Azərbaycan pasportları da götürülüb – FOTO – YENİLƏNİB
Türkiyənin İzmir şəhərinin Terrorla Mübarizə və Təhlükəsizlik Şöbəsi Yeni il gecəsində İstanbuldakı “Reina” gecə klubunda çoxlu sayda insan tələfatı ilə nəticələnən terror aktının araşdırılması çərçivəsində əməliyyat keçirib.
“Hürriyet”in verdiyi xəbərə görə, Bornova və Buca şəhərlərinin üç rayonunda İŞİD terror qruplaşmasına qarşı keçirilmiş xüsusi əməliyyat zamanı 11-i kişi, 9-u qadın və 20-si uşaq olmaqla terror aktını törətməkdə şübhəli bilinən 3 ailənin 40 üzvü saxlanılıb.
Mərkəzi Asiya və Şimali Afrikadan olan həmin ailələrin münaqişə zonaları ilə əlaqələrinin olduğu da üzə çıxıb.
Aparılan yoxlama zamanı onlardan müxtəlif ölkələr aid 41 saxta pasport, 12 ədəd mobil telefon, 1 planşet, 2 ədəd döyüş bölgəsində istifadə edilən kəmər, 2 ədəd güllə kəməri, 1 ədəd CPS cihaz, 1 ədəd Snayper durbini, 1 ədəd gecə görüntüsü üçün durbun, 1 ədəd fənər, 15 ədəd əcnəbilərə məxsus müvəqqəti şəxsiyyət vəsiqələrini müsadirə edilib.
Təqdim edilən fotolardan aydın görünür ki, əldə edilən sənədlərin içərisində Azərbaycan Respublikasına məxsus pasportlar da var. Lakin onların saxta olub-olmaması ilə bağlı dəqiq məlumat verilmir.
Polis müəyyən edib ki, saxlanılan əcnəbilər izi itirmək üçün İzmirə Konyadan gəliblər. Hazırda onların “Reina” klubundakı terrorda əlbir olub-olmadıqları araşdırılır.
Hurriyet