Azərbaycan gəmisi Rusiyaya icarəyə verilə bilər
Rusiya Federasiyasının “Marine Offshore Contractor” MMC şirkəti “Qurban Abbasov” kran gəmisini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən icarəyə götürmək istəyir. Bunun üçün Gəmiçiliyin rəhbərliyi ilə danışıqlara başlanılıb.
1news.az quruma istinadən xəbər verir ki, “AXDG” QSC-nin sədri Rauf Vəliyevlə görüşdə qonaqlar gəmiyə ətraflı baxış keçirdiklərini və onun texniki göstəricilərindən tam razı qaldıqlarını bildiriblər.
Sonuncu təmir zamanı tamamilə modernləşdirilən “Qurban Abbasov” kran gəmisinin Xəzərin Rusiyaya aid sularında istismar olunması nəzərdə tutulur.
Söhbət zamanı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev indiyədək əməkdaşlıq etdikləri digər şirkətlər kimi, “Marine Offshore Contractor” MMC-nin də etibarlı tərəfdaş olacağına əminliyini ifadə edib. Görüşdə eyni zamanda gələcəkdə birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub.
1news.az