Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 170-240, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, yanvarın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 41 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 9-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunub. Belə ki, Şirvanda və Salyanda 2 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım qeydə alınıb, Kür çayının Surra məntəqəsində və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 460 sm (2016-cı il yanvarın 9-da 458 sm), Şirvanda 341 sm (2016-cı il yanvarın 9-da 353 sm), Salyanda 303 sm (2016-cı il yanvarın 9-da 307 sm), Bankədə 233 sm (2016-cı il yanvarın 9-da 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 181 sm (2016-cı il yanvarın 9-da 183 sm) təşkil edir.
1news.az