Azərbaycanda Perunun diplomatik nümayəndəliyi açılacaq
Azərbaycanın Peru Respublikasındakı müvəqqəti işlər vəkili Mehdi Məmmədov Peru Respublikasının yeni seçilmiş konqresinin sədri Luz Salqado Rubianeslə görüşüb.
1news.az-a səfirlikdən verilən xəbərə görə, görüş zamanı M.Mammadov konqres sədrini yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və gələcək iş fəaliyyətində uğurlar arzulayıb.
M.Məmmədov həmsöhbətinə Azərbaycanın tarixi, yerləşdiyi region, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar və digər ölkələrlə münasibətləri haqqında ətraflı məlumat verib. Azərbaycan və Peru arasında siyasi, təhsil, mədəniyyət və iqtisadi sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Konqres sədri görüşdə Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsindən, həmçinin Peru hökumətinin yaxın zamanlarda Azərbaycanda Perunun diplomatik nümayəndəliyini açmaq niyyətində olduğundan, hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərməsindən bəhs edib.
Qeyd edək ki, 10 iyun 2013-cü il tarixində Peru Konqresində Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən Qətnamə qəbul edilib. Qətnamədə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti pislənmiş, Xocalıda baş verən hadisələr soyqırım kimi qiymətləndirilib.
1news.az