Prezident İlham Əliyev ötən il 12 ölkəyə səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev ötən il 12 ölkəyə səfər edib

10:08 - 10 / 01 / 2017
Prezident İlham Əliyev ötən il 12 ölkəyə səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ildə xarici ölkələrə ümumilikdə 16 dəfə səfər edib.

1news.az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, dövlət başçısı ötən il 9 beynəlxalq toplantıda iştirak edib.

Prezident İlham Əliyev ötən il Davos Ümumdünya İqtisadi Forumunda, “Suriyaya və regiona dəstək” konfransında, Münxen Təhlükəsizlik Konfransında, IV Nüvə Təhlükəsizliyi Sammitində, İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, Dünya Humanitar Sammitində, NATO-nun Varşava Sammitində, MDB Dövlət Başçıları Şurasının iclasında, Dünya Enerji Konqresində iştirak edib və bu beynəlxalq tədbirlərin keçirildiyi müddətdə bir çox dövlət başçıları, hökumət nümayəndələri, tanınmış şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Yanvar ayının 20-də ilk səfərini İsveçrəyə edən Prezident İlham Əliyev Davos Forumunun “Yeni enerji tarazlığı” mövzusunda sessiyasında və forum çərçivəsində təşkil olunan dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısında iştirak edib. Prezident səfər çərçivəsində, yəni yanvarın 20-22-də dövlət başçıları, hökumət rəsmiləri, beynəlxalq şirkət və təşkilat rəhbərləri ilə 17 ikitərəfli görüş keçirib.

Prezident İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid əl Məktumla, Abu Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed əl Nəhyan ilə geniş tərkibdə görüşləri olub. Səfər zamanı iki ölkə arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair saziş, eləcə də, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Fevralın 2-də Azərbaycana dönən ölkə rəhbəri bir gün sonra, fevralın 3-də xüsusi dəvət ilə Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etmək üçün Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığına səfər edib. Konfransda çıxış edən dövlət başçısı bir daha Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətindən söz açıb. London konfransı çərçivəsində dövlət başçısı, həmçinin Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

Fevralın 12-də Almaniya Federativ Respublikasına işgüzar səfərə yollanan Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da və “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib. Səfər çərçivəsində ölkəmizin rəhbəri dövlət və hökumət rəsmiləri, şirkət sahibləri ilə 6 görüş keçirib.

Fevralın 23-də isə Azərbaycan Prezidenti İran İslam Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçısı bu ölkənin Prezidenti Həsən Ruhani və Ali Dini Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb və iki ölkə arasında 11 rəsmi sənəd imzalanıb.

Prezident ötən il Türkiyə Respublikasına 4 dəfə səfər edib. Bu səfərlərin üçündə dövlət başçısı beynəlxalq tədbirlərə - İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində (13-15 aprel), Dünya Humanitar Sammitində (22-23 may) və Dünya Enerji Konqresində (9 oktyabr) iştirak edib.

İlk səfər mart ayının 15-də gerçəkləşib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdən sonra Ankarada dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. İclasdan sonra iki ölkə arasında 3 yeni saziş və bir protokol imzalanıb. Bu səfərlər çərçivəsində dövlət başçısı 7 görüş keçirib.

ABŞ-da keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilən dövlət başçısı mart ayının 30-da bu ölkəyə səfər edib. Sammitdən öncə Prezident İlham Əliyev martın 31-də ABŞ Prezidenti Barak Obama, vitse-prezident Co Bayden, Dövlət katibi Con Kerri, ticarət naziri Penni Pritzker, dövlət katibinin müavini Tomas Şennon ilə mühüm görüşlər keçirib. Aprelin 1-də Vaşinqtonda baş tutan IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət başçısı, həmçinin ABŞ-ın ictimai xadimləri, bir sıra konqresmenləri, yəhudi təşkilatlarının rəhbərliyi, şirkət, bank sahibləri və qubernatorlarla ümumilikdə 13 görüş keçirib.

İyunun 6-da Azərbaycan Prezidenti Almaniya Federativ Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində dövlət başçısı Almaniyanın Federal Kansleri Angela Merkel, ölkənin vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel və Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşlər keçirib.

Azərbaycan Prezidenti iyulun 7-də NATO-nun Varşava Sammitində iştirak etmək üçün Polşanın paytaxtı Varşavaya işgüzar səfər edib. Dövlət başçısı iyulun 8-də bu alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrin, BMT, Avropa İttifaqı, eləcə də digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə baş tutan sammitin açılış mərasimində, həmçinin iyulun 9-da sammit çərçivəsində keçirilən Əfqanıstanla bağlı sessiyada iştirak edib. Prezident sammitdə çıxış edərək bir daha Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini, Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini dünya birliyinin diqqətinə çatdırıb.

Səfər zamanı ölkə rəhbəri ABŞ-ın Dövlət katibi Con Kerri, Fransa Prezidenti Fransua Olland, Polşa Prezidenti Andjey Duda, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ikitərəfli görüşlər keçirib.

Ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki ölkənin rəhbərləri arasında görüşlər keçirilib - may ayının 16-da Avstriyada, iyunun 20-də isə Rusiyada. Sankt-Peterburq şəhərində bu ölkənin Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib. Prezidentlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər.

Prezident İlham Əliyev sentyabrın 16-da Qırğız Respublikasına səfər edərək Bişkek şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Əvvəlcə MDB Dövlət Başçıları Şurasının iclası məhdud tərkibdə, sonra isə geniş tərkibdə keçirilib və sonda sənədlərin imzalanması mərasimi olub.

Prezident İlham Əliyevin ötən il iştirak etdiyi son beynəlxalq tədbir İstanbulda keçirilən Dünya Enerji Konqresi olub. Oktyabrın 9-da Türkiyəyə işgüzar səfər edən dövlət başçısı öncə İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Oktyabrın 10-da isə 23-cü Dünya Enerji Konqresinin açılışında iştirak edib.

1news.az

Paylaş:
455

Son xəbərlər

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01
Bütün xəbərlər