Yerli vergi orqanlarının rəhbərləri üçün seminar keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yerli vergi orqanlarının rəhbərləri üçün seminar keçirilib

15:30 - 14 / 01 / 2017
Yerli vergi orqanlarının rəhbərləri üçün seminar keçirilib

Vergilər Nazirliyində ərazi vergi orqanlarının rəhbərləri və orta menecer heyəti üçün üç günlük seminar keçirilib.

Vergilər Nazirliyindən 1news.az-a verilən məlumata görə, tədbirdə çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev bildirib ki, seminarın keçirilməsində məqsəd vergi xidmətində aparılmış struktur dəyişikləri nəticəsində yeni yaradılan strukturların fəaliyyətinin təşkili, iş prinsipləri, habelə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə seminar iştirakçılarına ətraflı məlumat verməkdən ibarətdir.

O qeyd edib ki, son vaxtlar vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, ölkədəki vergi mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərinin rahat və asan şəkildə yerinə yetirə bilmələri üçün elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması istiqamətində bir sıra ciddi addımlar atılıb. Vergi Məcəlləsinə çoxlu sayda dəyişikliklər edilib, yeni çağırışlara uyğun olaraq, vergi xidmətinin strukturunda və menecmentində əsaslı islahatlar aparılıb, yeni, müasir tələblərə cavab verən daha dinamik struktur formalaşdırılıb.

Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsində aparılmış dəyişikliklər barədə ətraflı məlumat verərək bildirib ki, qanunvericiliyə edilmiş son dəyişikliklər əsasən sahibkarların vergi yükünün azaldılması, onların hüquqlarının daha etibarlı şəkildə qorunması, ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşdırılması, vergi bazasının genişləndirilməsi hesabına dövlət büdcəsinə vergi daxilolmalarının artırılması ilə bağlıdır. S.Musayeva vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin mahiyyəti, onların praktiki tətbiqi, Məcəllənin ayrı-ayrı maddələri ilə bağlı ətraflı izahlar verərək, yerli vergi orqanlarının qanunvericiliyin tətbiqi prosesini düzgün aparmalarının, son dəyişikliklər barədə vergi ödəyicilərinin məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov Vergilər Nazirliyində aparılan struktur dəyişikləri barədə geniş təqdimatla çıxış edərək bildirib ki, «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» ölkə başçısının 4 avqust 2016-cı il tarixli sərəncamından irəli gələn tələblərin icrası, vergi ödəyicilərinə münasibətdə daha təkmil yanaşmaların formalaşdılması, eləcə də Vergi Məcəlləsində edilmiş dəyişikliklərin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində geniş struktur dəyişiklikləri aparılıb.

Vergi orqanlarının yeni təşkilati strukturunun əvvəlkindən əsaslı şəkildə fərqləndiyini vurğulayan N.Şirinov bildirib ki, əvvəllər vergi daxilolmaları üzrə proqnozların icrası zamanı böyük dövriyyəsi olan vergi ödəyiciləri ilə aparılan işlərə daha çox diqqət yetirilməklə bərabər, dövriyyələrindən asılı olmayaraq bütün vergi ödəyicilərinə (iri, orta və kiçik) eyni inzibati mexanizmlər tətbiq edilirdi ki, bu da kiçik və orta dövriyyəli vergi ödəyicilərinə tətbiq edilən mürəkkəb vergi nəzarəti tədbirlərinin bu ödəyicilərə münasibətdə kifayət qədər səmərəli olmaması, onların fəaliyyətində bir sıra problemlərin ortaya çıxması ilə nəticələnirdi.

Vergi orqanlarının yeni strukturu, ilk növbədə, beynəlxalq təcrübədə geniş istifadə olunan «dövriyyə intervalları» prinsipinin vergi inzibatçılığının bütün sahələrində tətbiqini nəzərdə tutur. Təşkilati strukturun vergi ödəyicilərinin dövriyyələrindən və ya mükəlləfiyyətindən asılı olaraq bölgüsü, onlara münasibətdə vergi inzibatçılığını diferensiallaşdırmaqla daha səmərəli, çevik, ədalətli və şəffaf vergi inzibatçılığının formalaşdırlmasına şərait yaradır, iri vergi ödəyiciləri üzrə işlərin daha dərin iqtisadi təhlillərə əsaslanmaqla təşkil olunmasına, orta sahibkarlarla münasibətlərin əsasən partnyorluq müstəvisində qurulmasına, kiçik sahibkarlara münasibətdə isə daha sadə və səmərəli vergi inzibatçılığının formalaşdırılmasına xidmət edir. Fərqli dövriyyəyə malik vergi ödəyicilərinə fərdi yanaşma prinsiplərinin tətbiqi onlara öz fəaliyyətlərini daha səmərəli təşkil etməyə, keçirilən vergi nəzarəti tədbirlərinin sayının azaldılmasına, belə ödəyicilərə münasibətdə vergilərlə əlaqədar bütün tədbirlərin vahid vergi orqanından, faktiki olaraq “bir pəncərə” prinsipi üzrə həyata keçirilməsinə imkan verəcək. Bu məqsədlə ərazi vergi orqanlarında Regional gəlirlər və Kiçik sahibkarlarla iş idarələri, Bakı şəhərində isə Milli Gəlirlər, Lokal Gəlirlər və Kiçik sahibkarlarla iş Departamentləri yaradılıb.

Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov vergi sistemində aparılan islahatlardan sonra vergi ödəyicilərinə xidmətin strukturlarının rolunun əhəmiyyətli dərəcədə artması barədə danışaraq qeyd edib ki, qarşıdakı dövrdə ödəyici qrupundan asılı olaraq vergi bəyannamələrinin sadələşdirilməsi, vergi ödəyicilərinin qeydiyyatının cəmi 1 gün ərzində həyata keçirilməsi, uçot baza məlumatlarının aktuallığının təmin edilməsi nəzərdə tutulur.

O, seminar iştirakçılarına vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin partnyorluq müstəvisində inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, “Yaşıl Dəhliz” prinsipinin üstünlükləri, partnyor vergi ödəyicilərinə göstərilən ənənəvi və innovativ üsullara söykənən fərdi və sürətli ünvanlı xidmətlər, yenidən formalaşdırılmış xidmət strukturları qarşıında duran əsas vəzifələr barədə məlumat verib.

Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov öz çıxışında vurğulayıb ki, yerli vergi orqanlarında aparılmış əsaslı funksional və struktur dəyişikliklər nəticəsində müasir beynəlxalq təcrübə əsasında yenidən qurulan təşkilati strukturda sahə təhkimçiliyi prinsipi aradan qaldırılıb, audit idarələri və operativ nəzarət şöbələri ləğv edilib. Həyata keçirilən dəyişikliklərin yerli vergi orqanlarının qarşısında mühüm vəzifələr qoyduğunu bildirən E.Bəylərov operativ vergi nəzarəti tədbirlərinin minimuma endiriləcəyini və nəzarətin daha çox risk modulları üzərindən həyata keçiriləcəyini qeyd edib, vergi qanunvericiliyinin tətbiqi prosesində, eləcə də vergi ödəyicilərinin məlumatlandırılması sahəsində görülməsi vacib olan təşkilati işlər barədə danışıb.

Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru Toğrul Quliyev vergi qanunvericiliyinin icrasına nəzarət strukturlarının iş prinsipləri, Daxili təhlükəsizlik departamentinin baş direktoru Zeynalabdin Məmmədzadə vergi orqanlarının fəalyyətinə nəzarət struklturlarının vəzifə və funksiyaları, daxili nəzarət sahəsində görüləcək işlər, habelə vergi amnistiyası barədə qanunvericilikdən irəli gələn vəzifələr və görülməli işlər barədə seminar iştirakçılarını məlumatlandırıblar.

Seminarda Vergilər Nazirliyinin Tədris Mərkəzinin, nazirliyin Aparatının və digər əlaqədar strukturların da təqdimatları dinlənilib, rəhbər vəzifəli vergi əməkdaşlarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Seminarda çıxış edən vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov yaxın günlər ərzində vergi orqanlarında görülməsi vacib olan konkret işlər barədə müvafiq tapşırıqlar verib və əmin olduğunu bildirib ki, vergi orqanlarının əməkdaşları vergi sistemində aparılan köklü islahatların mahiyyətinin vergi ödəyicilərinə çatdırılması üçün bilik və bacarıqlarını əsirgəməyəcəklər.

1news.az

Paylaş:
599

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər