Azərbaycan XİN “İslam Həmrəyliyi İli” ilə bağlı prioritetlərini açıqlayıb
Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Xarici İşlər Nazirliyi həyata keçirəcəyi tədbirlərlə bağlı iş aparır.
Bu barədə “İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyinin görəcəyi işlərə dair AZƏRTAC-ın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
H.Hacıyev qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi Azərbaycanın xarici siyasətində İslam həmrəyliyinin gücləndirilməsi prioritet məsələlərdən biridir. Bu baxımdan Azərbaycan İƏT çərçivəsində İslam həmrəyliyinə xidmət edən təşəbbüslərin həyata keçirilməsi, institusional olaraq İƏT-in güclənməsi və islahatı, qlobal və regional siyasətə təsirinin artırılması kimi fəaliyyətə öz töhfəsini verir. Bu istiqamətdə fəaliyyət 2017-ci ildə daha da gücləndiriləcək.
XİN rəsmisi deyib ki, bu il Azərbaycanın IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi İslam həmrəyliyinə xidmət edəcək mühüm tədbirlərdən biri olacaq.
O bildirib ki, İƏT Xarici İşlər Nazirləri Şurasının 2017-ci il yanvarın 19-da Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçiriləcək fövqəladə iclasında xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək. İclas Myanmada Rohingiya müsəlmanlarının vəziyyətinə həsr olunacaq. Azərbaycanın bu iclasda iştirakı ölkəmizin İslam həmrəyliyinə verdiyi əhəmiyyətin növbəti nümunəsidir.
Mətbuat katibi diqqətə çatdırıb ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar bu məqsəd və məramın təbliği üçün diplomatik nümayəndəliklərimiz, xüsusilə ərəb-İslam ölkələrində fəaliyyət göstərən səfirliklərimiz yerli hökumət və qeyri-hökumət strukturları, o cümlədən KİV-lər, ictimaiyyət nümayəndələri, elm-tədqiqat mərkəzləri ilə fəal iş aparacaqlar.
AZƏRTAC