Elmar Məmmədyarov: “Rohinqyanın mülki əhalisinin öldürülməsi və həbs edilməsi dayandırılmalıdır”
İslam mədəniyyəti və mənəvi dəyərlərini daimi əsasda bütün dünyada təşviq edən və İslam Ümməti ilə güclü həmrəyliyini ifadə edən ölkə kimi Azərbaycan İƏT-in fəal siyasətinin inkişaf etdirilməsində çox maraqlıdır və qardaş İslam ölkələri ilə münasibətlərini daha da gücləndirməyi hədəf seçib.
1news.az-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Kuala Lumpur şəhərində keçirilən fövqəladə sessiyasında çıxışı zamanı deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin İslam Həmrəyliyi İli elan olunması ilə bağlı sərəncam imzaladığını diqqətə çatdıran nazir, bir sıra müsəlman ölkələrindəki münaqişələrə, problemlərə toxunaraq İslam dünyasını həmrəy olmağa çağırıb:
“Bir sıra müsəlman ölkələrində mövcud vəziyyətin ümumi mənzərəsi bizim hamımız üçün ciddi narahatlıq yaratmaqda davam edir. Bu, İslam həmrəyliyi üçün öhdəliyimizi yenidən təsdiq etməyin və ehtiyacı olanlara dəstəyi artırmağın zəruriliyini göstərir. Biz üzv ölkələrimizin ədalətli mövqeyinin müdafiə olunmasında qətiyyət göstərməkdə davam etməli və qeyri-müsəlman ölkələrində müsəlman qardaş və bacılarımızın hüquqlarını qorumalıyıq.
Çox təəssüf ki, Rohinqyada vəziyyət İslam Ümməti üçün ciddi narahatlıq yaratmaqda davam edir və İƏT üzv dövlətlərindən vahid mövqe tələb edir. Biz Rakhine ştatında minlərlə müsəlmanı öz yurdlarından didərgin düşməyə məcbur edən ciddi zorakılığa və humanitar böhrana biganə qalmalı deyilik”.
E.Məmmədyarov tədbir iştirakçılarına Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı barədə məlumat verərək Myanma rəhbərliyini Rohinqyanın mülki əhalisinə qarşı repressiya hərəkətlərini dayandırmağa, eləcə də ölkədəki humanitar böhranı aradan qaldırmağa çağırıb:
“Ermənistan Respublikası tərəfindən ölkəmizin bir hissəsinin bədnam işğalı və etnik təmizləmə faktları ilə müşayiət olunan hərbi təcavüzünün nəticəsi olaraq, uzun müddətdir ki qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan ədalətsizlik və məşəqqətlərdən əziyyət çəkənləri yaxşı başa düşür. Buna görə biz Rohinqyanın mülki əhalisinin öldürülməsi və həbs edilməsi, onların evlərinin və dini ibadət yerlərinin dağıdılması kimi reppressiya hərəkətlərini kəskin şəkildə pisləyir və Myanma rəhbərliyini bu humanitar böhranı aradan qaldırmağa və Myanmanın müsəlman əhali yaşayan hissəsində ləyaqət və sabitliyi bərpa etməyə çağırırıq.
Bu məqamda, mən Sivilizasiyalar Alyansının təşəbbüskarlarından biri kimi, Türkiyə Respublikasının dinlər və icmalararası dialoqun təşviq edilməsi məqsədilə Buddist və Müsəlman icmaları arasında görüşün keçirilməsi ilə bağlı fəaliyyətinə tam dəstəyimizi ifadə edirəm. Mən inanıram ki, bu yanaşma mühüm əhəmiyyətə malikdir və davam etdirilməlidir. Çünki bu qarşılıqlı anlaşmanın təşviqi üçün möhkəm əsas yaradaraq daha da artıq dərəcədə müəyyənliyin yaranmasına gətirib çıxarır.
İnanıram ki, İƏT Kontakt Qrupunun səyləri Mayanma hökuməti və Rakhine ştatında yaşayan müsəlman icması arasında sülhün bərpa edilməsi, onların təhlükəsizliyinin qorunması və onların fundamental hüquqlarının təmin olunması ilə nəticələnəcək”.
Nazir çıxışında İsrail-Fələstin münaqişəsinə də toxunaraq Fələstin xalqına sülh və sabitlik əldə etmək və müstəqil dövlət yaratmaq uğrunda mübarizəsində Azərbaycanın tam dəstəyini bir daha bəyan edib:
“Azərbaycan İsrail-Fələstin münaqişəsinin bu müqəddəs torpaqda çoxdan gözlənilən, hərtərəfli, uzunmüddətli və ədalətli sülh, təhlükəsizlik və davamlı inkişafın əldə olunmasının yeganə təminatı olan iki dövlət əsasında həllini dəstəkləyir. Biz İƏT tərəfindən Fələstin xalqını dəstəkləmək və Fələstin məsələsinə xidmət etmək üçün görülən işləri təqdir edirik”.
1news.az