Los Ancelesdə 20 Yanvar faciəsinin qurbanları anılıb – FOTO
Yanvarın 18-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda Qara Yanvar faciəsinin ildönümü ilə əlaqədar geniş tədbir keçirilib.
1news.az-ın məlumatına görə, tədbir, “Qəhrəmanlıq nümunələri: Cəsarət və şərəflə öz ölkənə xidmət etmək” devizi altında Los Ancelesdəki Azərbaycan icması ilə birgə təşkil olunub.
Qeyd edək ki, tədbir, Qara Yanvar faciəsinin şəhidlərini ehtiramla anmaqla yanaşı, azərbaycanlıların tarixən yaşadıqları ölkələrdə göstərdikləri böyük fədakarlıqlara həsr olunub. Bu səpkidə, Kaliforniyada yaşamış və 2005-ci ildə İraqda qəhrəmancasına həlak olmuş ABŞ ordusunun Azərbaycan əsilli əsgəri Murad Rəhimov da tədbir iştirakçıları tərəfindən yad olunub və ona həsr olunmuş “Mənim kiçik qardaşım” sənədli filminin premyerası keçirilib.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, qanlı 20 yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı şanlı mübarizə tarixindəki önəmindən bəhs edib. Diplomat qeyd edib ki, həmin hadisələr zamanı Sovet qoşunları tərəfindən böyük sayda günahsız insan amansızcasına qətlə yetirilib.
Baş konsul, ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə getdiyini, burada qətliamı kəskin şəkildə pislədiyini, bu çıxışın Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini daha da alovlandırdığını bildirib. SSRİ rəhbəri Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı cinayətlərindən danışan baş konsul, Qara Yanvar faicəsindən 9 ay sonra Qorbaçova Nobel Sülh Mükafatının verilməsinin böyük bir ədalətsizlik olduğunu diqqətə çatdırıb. N.Ağayev, həmçinin, Azərbaycanın üzləşdiyi faciələrin Qara Yanvar ilə bitmədiyini qeyd edərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətindən bəhs edib.
Baş konsul qeyd edib ki, bütün bu faciələr və çətnliklər Azərbaycanı öz müstəqillik yolundan döndərə bilməyib. O bildirib ki, ümummilli liderin hakimiyyətə qayıdışından sonra əsası qoyulmuş inkişaf və dirçəliş siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan sabitlik və inkişaf adasına çevrilib.
Sonra baş konsul, azərbaycanlıların sadəcə öz doğma vətənlərində deyil, yaşadıqları müxtəlif ölkələrdə də öz cəsarət və rəşadətləri ilə seçildiklərini, daim xeyirxah və fədakar vətəndaş nümunəsi göstərdiklərini qeyd edib. Diplomat, bu baxımdan Azərbaycan əsilli amerikalı hərbçi Murad Rəhimovun da məhz bu gün, Qara Yanvar faciəsi zamanı həlak olmuş doğma soydaşları ilə birgə yad olunmasının əlamətdar olduğunu bildirib.
Daha sonra söz Los Ancelesdə yaşayan Azərbaycan icmasının fəallarından Kimiya Məmmədovaya verilib. İcma fəalı qeyd edib ki, Azərbaycan mənşəli amerikalılar öz tarixi vətənləri olan Azərbaycanı daim qəlblərində yaşatmaqla yanaşı, ABŞ vətəndaşı kimi buradakı öhdədliklərini də daim böyük həssaslıq və fədakarlıqla yerinə yetirirlər. O, M.Rəhimovun belə nümunəvi vətəndaşlardan olduğunu bildirərək, onun qəhrəmanlığına ABŞ ictimaiyyətinin dərin rəğbət göstərdiyini qeyd edib.
M.Rəhimovun ailə üzvlərinin də iştirak etdiyi tədbir, Qara Yanvar faciəsinə dair Baş Konsulluğun hazırladığı sənədli filmin və M.Rəhimova həsr olunmuş “Mənim kiçik qardaşım” sənədli filminin nümayişi ilə davam edib.
Filmlərdən sonra Azərbaycan icmasının fəallarından musiqiçi Vahid Bayatın tarda milli muğamlarımızdan səsləndirdiyi nümunələr və gənc müğənni Cəmil Məmmədlinin ifa etdiyi həzin mahnılar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Sonda təbdir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.
1news.az