XİN: Sülh Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü bərpa etməlidir
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi və bunun Minsk prosesinə təsiri haqqında bəyanat yayıb.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bəyanatda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə, həmçinin beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.
Qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Dağlıq Qarabağ region onun bir hissəsi olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq edib və xüsusilə beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipini və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini bir daha vurğulayaraq işğalçı Ermənistan qoşunlarının Azərbaycan işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
ATƏT-in Minsk Konfransının sədri Mario Rafaelli 1993-cü il iyulunda verdiyi bəyanatında bildirmişdi ki, bu yaxınlarda zor gücünə ələ keçirilmiş ərazilərin dərhal azad edilməsi “sülh danışıqlarının irəliləməsini təmin edəcək əsas amildir.” (BMT sənədi S/26184).
Beləliklə, Azərbaycanın sülh danışıqlarında iştirak etməsində başlıca məqsəd işğalçı Ermənistan qoşunlarının Azərbaycan Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsidir. Sülh Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü bərpa etməlidir. ATƏT-in Minsk Qrupu və həmsədrlərin BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş çərçivədən yayınmaları onlara həvalə edilmiş mandatı pozur və bu, münaqişənin həlli prosesinə ciddi təsir göstərə bilər. Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrasına qayıtmalı və bu əsasda hər iki tərəfi substantiv nəticə yönümlü danışıqlara cəlb etməlidir.
Son zamanlar Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinin olmaması barədə bir çox bəyanatlar yayılıb. Biz də buna inanmaq istərdik. Sülh prosesinin bu istiqamətə yönəlməsi sual doğurur. BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş əsas elementlərə əsaslanırmı? Danışıqlar prosesində irəliləyişə nail olmağa maneə törədən nədir və ATƏT iştirakçı dövlətləri ümumiyyətlə sülh məsələsində maraqlıdırlarmı? Əgər cavab müsbətdirsə, o halda nə üçün münaqişənin hərbi yolla həllini görməyənlər sülhün əldə edilməsinə olan maneələrin aradan qaldırlması ilə bağlı Azərbaycan tərəfinin müraciətlərinə məhəl qoymamaqda davam edirlər? Bunlar, münaqişənin hərbi yolu yoxdur kimi mühakimələr irəli sürmədən öncə dürüst cavabı tapılmalı olan suallardır.
BMT Təhlükəsizlik Şurası tamamilə aydın şəkildə bəyan edib ki, Azərbaycan ərazilərinə qarşı güc tətbiq edilməsi heç bir halda hüquqi təsir yaratmır; Ermənistanın fəaliyyəti qeyri-qanunidir və beynəlxalq münasibətlərdə hərbi gücdən istifadənin qadağan edilməsi ilə bir araya sığmır, BMT nizamnaməsi və onun məqsədləri ilə ziddiyyət təşkil edir; bunlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün, konkret olaraq BMT nizamnaməsinin 2(4)-ci maddəsinin açıq pozuntusunu təşkil edir.
Gücdən istifadə etməmə prinsipinin işğala əsaslanan status-kvosunun dondurulması məqsədilə təhrif edilməsi qəbuledilməz, əks nəticə verən və çox təhlükəli yanaşmadır. Bir dövlət beynəlxalq münaqişənin sülh yolu ilə həll edilməsi kimi öhdəliklərinə etinasız yanaşdığı halda və ondan sonra hüquqa zidd bir şəkildə digər dövlətin ərazilərini işğal etmək üçün gücdən istifadə etdikdə, sülh prosesində irəliləyiş olmadığı və təcavüzkara təzyiq edilmədiyi şəraitdə təcavüzkar dövlətə münasibətdə təcavüzün qurbanı olan dövlətin gücdən istifadə etməməyə dair öhdəliyə riayət etməsini iddia etmək ən azından yersizdir.
Ermənistan Azərbaycan torpaqlarının işğalını möhkəmləndirməklə gücdən istifadə etməmək prinsipini kobud şəkildə pozur, yüz minlərlə Azərbaycanlı məcburi köçkünün Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş 7 rayonundakı öz doğma yurd-yuvasına geri dönməsinə imkan vermir, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişməyə yönəlik davamlı səylər göstərir, onların Azərbaycana aid mədəni və tarixi köklərinin əlamətlərini yox edir və öz mənfəəti üçün bu ərazilərdə istisamar işi ilə məşğul olur və oranın sərvətlərini talayır. ATƏT-də çox az sayda nümayəndə heyyətləri Ermənistanın belə davranışlarından narahatçılıq ifadə edib və ondan öz silahlı qüvvələrini işğal etdiyi ərazilərdən çıxartmağı tələb edib.
Buna görə də münaqişənin həlli kontekstində gücdən istifadə etməmək haqqında danışanlar ilk növbədə Azərbaycan ərazilərinin hərbi işğalı amilini aradan qaldırmalıdır. Əgər onlar Ermənistan qoşunlarının işğal olunmuş ərazilərindən çıxarılmasına və sülh prosesinə təhdid yaradan digər çoxsaylı çağırışların həllinə qadir deyillərsə, Azərbaycanın öz torpaqlarını müdafiə etmək və istənilən vasitə ilə öz vətəndaşlarını qorumaq hüququ var. Əgər sülh prosesi status kvonu dəyişməkdə uğursuzluğa düçar olarsa, BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb edildiyi kimi bizim status-kvonu dəyişmək hüququmuz vardır.
Gücdən istifadənin nəticəsində meydana çıxan və işğala əsaslanan status-kvo BMT Təhlükəsizlik Şurası tərəfindən qanunsuz təsbit edildiyi səbəbindən münaqişənin həlli üçün əsas hesab edilə bilməz. Xarici işlər naziri Elmar Məmmədyarovun bu günlərdə qeyd etdiyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması beynəlxalq ictimaiyyətin tələbidir və heç bir halda güzəşt kimi təqdim edilə bilməz və ya qoşunların çıxarılmasını siyasi məsələlərin həllinə bağlayaraq sövdələşmə predmeti kimi istifadə edilə bilməz.
Nazir Elmar Məmmədyarov həmçinin vurğuladı ki, həmsədr ölkələrin məsələyə tam ciddiyətlə yanaşacaqları təqdirdə, işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılması təmin olunacaqdır”.
1news.az