İngiltərədə Azərbaycanı və Qafqazı Öyrənən Britaniya Fondunun ilk mühüm tədbiri keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İngiltərədə Azərbaycanı və Qafqazı Öyrənən Britaniya Fondunun ilk mühüm tədbiri keçiriləcək

11:23 - 24 / 01 / 2017
İngiltərədə Azərbaycanı və Qafqazı Öyrənən Britaniya Fondunun ilk mühüm tədbiri keçiriləcək

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun İngiltərədə keçiriləcək ilk mühüm tədbiri ilə bağlı məlumat yayıb.

1news.az Azərtac-a istinadən məlumatı təqdim edir:

“Yanvarın 25-də Böyük Britaniyada (2016-cı ilin sentyabrın 27-də rəsmi qeydiyyatdan keçib təsis edilən) Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu (www.bfsac.org.uk) öz fəaliyyətinin istiqamətlərini Britaniya və Azərbaycan ictimaiyyətinə elan etmək üçün özünün ilk mühüm tədbirini keçirəcək. Bu Fond Birləşmiş Krallıqda bu günədək elm və mədəniyyət sahəsində apardığımız bütün işləri öz çətiri altına alaraq, belə fəaliyyətin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə, şəffaf və dürüst dəstək üçün yaradılıb.

Londonda yanvarın 25-də təqdimatı keçiriləcək və həqiqətən dəyərli, hörmətli iş görən peşakarların zəhməti nəticəsində ərsəyə gələn bu Fondun Azərbaycan üçün vacib olduğunu bir daha vurğulamaq istəyirəm. İnformasiya vasitələrindən bu vacibliyi anlayıb, onu Azərbaycan ictimaiyyətinə dəqiq və düzgün çatdırmaqda bizə yardım göstərməsini xahiş edirəm.

2013-cü ildən fəaliyyət göstərən Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/ ) yaradılmasında böyük səylər göstərərək, bu Mərkəzə məhz dahi şairimiz Nizaminin adının verilməsinə nail olmuşuq. İlk dəfə olaraq biz azərbaycanlılar, gec də olsa, dünyanın ən qədim elm ocaqlarından birində öz yerimizi tutmağa başlamışıq. Mən 2013-cü ildən Oksford Universitetinin inkişaf departamentinin rəhbəri xanım Liezl Elder, Oksford Universitetinin keçmiş vitse-kansleri professor Endru Hamilton, Sent Kross Kollecinin keçmiş rəhbəri, Viktoriya və Albert muzeyinin keçmiş direktoru Ser Mark Couns, Şərqşünaslıq İnstitutunun rəhbəri, professor Mark Smit, Triniti Kollecinin professoru Brayan Vord Perkins, Kraliçanın ədliyyə məsələləri üzrə müşaviri, Breyznoz Kollecinin rəhbəri Con Bouers və onlarla başqa alim və rəhbər şəxslərlə keçirdiyim görüşlərdə Azərbaycan üçün vacib olan bu elmi Mərkəzin fəaliyyət istiqamətlərini və elmi-strateji məqsədlərini müzakirə etmişəm. Oksford Universitetində Mərkəzin bu günədək keçirdiyi iki beynəlxalq konfransda ilk dəfə olaraq dünya səviyyəli ciddi alimlər çıxış edib və Azərbaycan ilə bağlı tarix, antropologiya və arxeologiya elmində mövcud olan sualları və məsələləri açıq müzakirə etməyə başlayıblar. Tam məsuliyyətlə deyə bilərəm ki, təəssüflər olsun, indiyədək dünyanın heç bir nüfuzlu elmi qurumu və toplumu Azərbaycana dair belə tədbirlər keçirməyib. Mühüm fərq bu elmi tədbirlərin məhz Oksford Universiteti tərəfindən həyata keçirilməsi və buna görə də dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilməsindədir.

İşlərimiz arasında indiyədək ən önəmlisi üzərində böyük əziyyətimiz olan və ən çox qürur və sevinc duyduğum nailiyyət - 1940-cı ildə Yevgeniy Bertels tərəfindən yazılmış “Dahi Azərbaycan şairi Nizami” kitabının Oksford Universitetinin alim və dilçiləri tərəfindən ingilis dilinə çevrilib nəşr edilməsidir. Bu kitabın ayrıca təqdimatı Londonda və Bakıda keçiriləcək, lakin yanvarın 25-də biz bu kitabın ilk dəfə olaraq Britaniyada ingilis dilində nəşr edilməsi haqda qısa anons verəcəyik.

Fond, eyni zamanda, Azərbaycanın qədim Bərdə şəhərində Oksford Universiteti Nizami Gəncəvi Mərkəzinin alimləri tərəfindən arxeoloji qazıntıların aparılmasına yeni dəstək verə biləcək. Tədbir zamanı biz, həmçinin bu elmi-arxeoloji ekspedisiyanın bu günə qədərki nəticələrini və tapıntılarını ictimaiyyətə təqdim edəcəyik. Bu ekspedisiyaya məşhur alim, professor Robert Hoyland rəhbərlik edir.

Tədbirdə Bakıdan gələn hörmətli qonaqlarla yanaşı, Böyük Britaniya hökuməti və parlamentinin yüksək səviyyəli nümayəndələri, o cümlədən Böyük Britaniyanın Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan ilə ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Nikolson, Böyük Britaniya parlamentinin Lordlar palatasının üzvləri Lord Malkolm Brus, Lord Maykl German və Birləşmiş Krallığın elmi akademik dairəsinin nüfuzlu üzvlərinin olacağı gözlənilir. Bu alimlər arasında məşhur tarixçi, Londonun SOAS Universitetinin ərəb tarixi üzrə professoru, Hyu Kennedi (https://www.soas.ac.uk/staff/staff36939.php ), 1636-ci ildə Oksford Universitetində təsis edilən Laudian professoru vəzifəsini icra edən ərəb ədəbiyyatı üzrə professor Culiya Brey (http://www.orinst.ox.ac.uk/staff/iw/jbray.html ), Oksford Universitetinin Rusiya və Avrasiya Mərkəzinin direktoru, professor Roy Allison (http://www.sant.ox.ac.uk/people/roy-allison ), SOAS Universitetinin Şərq musiqisi üzrə professoru, İranşunaslıq Mərkəzinin üzvü Oven Rayt (https://www.soas.ac.uk/staff/staff32029.php ), həmin universitetin İslam incəsənəti üzrə professoru, SOAS Universitetinin xəzinələri layihəsinin direktoru Anna Kontadini (https://www.soas.ac.uk/staff/staff30791.php ), ABŞ-ın Luiziana ştatının Tuleyn Universitetinin Səfəvilər dövrünə aid tədqiqatçı –alimi, professor Elio Brankaforte (http://www2.tulane.edu/liberal-arts/german-slavic-studies/elio-brancaforte.cfm ) Britaniyanın Ekseter Universitetinin islamşünaslıq üzrə professoru Robert Qliv (http://socialsciences.exeter.ac.uk/iais/staff/gleave/ ), Şotlandıyanın Sent Endryus Universitetinin Orta Əsrlər üzrə islamşünas professoru Endryu Pikok (https://www.st-andrews.ac.uk/history/staff/andrewpeacock.html ), Kembric Universitetinin Qazaxıstan Mərkəzinin direktoru, doktor Siddhart Saksena (http://www.devstudies.cam.ac.uk/people/professor-siddharth-montu-saxena ), Durham Universitetinin aparıcı arxeologiya alimi, doktor Dan Lorens (https://www.dur.ac.uk/archaeology/staff/?id=6585 ) və başqalarının adlarını çəkmək olar. Həmçinin tədbirdə Britaniyanın BBC telekanalının təmsilçiləri, o cümlədən Qədim və Orta əsrlər dövrü üzrə tarixçi alim, BBC və digər beynəlxalq telekanallarda yayımlanan elmi-maarifləndirmə verilişlərinin məşhur aparıcısı və müəllifi doktor Bettani Hyus (https://www.bettanyhughes.co.uk/about ) da iştirak edəcəklər.

Londondakı diplomatik korpusun nümayəndələrinin, Türkiyənin Böyük Britaniyadakı səfiri Əbdürrəhman Bilqiçin, Rusiyanın bu ölkədəki səfiri Aleksandr Yakovenkonun eləcə də yerli işgüzar dairələrin təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Biz, təsis etdiyimiz Britaniya Fondunun çətiri altında gələcəkdə planlaşdırdığımız bütün dəyərli, davamlı akademik layihələri həyata keçirmək niyyətindəyik. Bu günə qədər əldə etdiyimiz və qazandığımız uğurlarla yanaşı, hələ çox kövrək addımlarla irəliləyirik. XIX əsrdən İngiltərədə fəaliyyət göstərən və xüsusilə elm sahəsində dərin köklər salan erməni icmasının işi ilə müqayisədə biz hələ çox geridəyik.

Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun ilk tədbiri dünyanın dekorativ incəsənət sahəsində ən qədim muzeyi sayılan, 1852-ci ildə əsası qoyulan Viktoriya və Albert Muzeyində keçiriləcək. Qeyd edək ki, belə mötəbər incəsənət məbədində Azərbaycan ilə bağlı mühüm tədbir ilk dəfə keçirilir və yerli ənənəyə uyğun bütün qaydaları özündə hifz edir. Bu hadisənin dəyərini və qiymətini verə biləcək hər bir kəsə öz böyük minnətdarlığımı bildirirəm”.

Professor Nərgiz Paşayeva

Paylaş:
577

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər