“İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” dərsliyi zamanın çağırışından yaranıb
Bu gün dünya xəbərlə nəfəs alır. Hətta ucqar dağ kəndinin sakini həyatını xəbərsiz təsəvvür etmir.
Xəbər sərhəd tanımır və dünyanın bu başından o biri başına göz qırpımında çatır. Belə bir vaxtda xəbər istehsalçıları olan jurnalistlərin, informasiya agentliklərinin üzərinə xüsusi məsuliyyət düşür. İnformasiya texnologiyasının fantastik inkişafı və qloballaşma fonunda xəbər yaradıcılığının meyarları dəyişir, standartları saf-çürük edilir.
AZƏRTAC-ın baş direktoru, jurnalist-publisist Aslan Aslanovun “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” dərsliyi zamanın məhz bu çağırışlarından qaynaqlanır.
Amma mən bu dərsliyin özündən əvvəl dərslik kimi ciddi tipoloji tələblərə cavab verə biləcək bir kitabı ortaya qoymağa kimin mənəvi səlahiyyəti olduğuna diqqət çəkmək istərdim. Dərslik öz tipoloji xarakterinə görə başqa kitablardan çox fərqlənir. Dərslik “mənə elə gəlir ki...” ehtimalını qəbul etmir, dərslik “iki vur iki, bərabərdir dördə” kimi dəqiq və elmi-nəzəri, praktik aləmdə qəbul olunmuş postulatlar üzərində və bir də onun müəllifinin bu postulatlar səviyyəsində özünün dəqiq yanaşmaları kontekstində hazırlanıb. Bu gün – dünyanın hər an dəyişdiyi bizim zəmanədə sürətlə qloballaşan dünyaya dinamik reaksiya ilə dərslik yazmaq çox çətindir, amma çox da vacibdir. Jurnalistika da, yuxarıda dediyim kimi, dəyişən dünyaya, informasiya təqdimatının yeni formatlarına məhkum olan fəaliyyət sahələrindəndir.
Ona görə də Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin bu tipli dərsliklərə çox ehtiyacı var. Bunu universitetin rəhbərliyi də bilir və elə buna görə də rektor, akademik Abel Məhərrəmov Aslan Aslanovun dərsliyinin əlyazmasını bircə axşama oxuyub ona təcili dərslik qrifi verilməsi ilə əlaqədar əmr imzaladı. Məsələ ondadır ki, bu dərslik ən məhsuldar informasiya istehsalçılarının - xəbər agentliklərinin peşəkar təcrübəsi əsasında jurnalistikanın başlıca məhsulu olan informasiyanın polifonik istiqamətlərdən necə hazırlanmasını ortaya qoyur və qloballaşan dünyada informasiya yaradıcılığına yeni yanaşmanın elmi, praktik mənzərəsini təqdim edir. Bundan əvvəl jurnalistika yaradıcılığı barədə 10-a yaxın monoqrafiyanın, bir dərs vəsaitinin müəllifi olan Aslan Aslanov həm peşəkar jurnalist, həm informasiya sahəsində çox ciddi beynəlxalq təşkilatların üzvü və həm də rəhbəri, AZƏRTAC-da topladığı böyük təcrübə sahibi kimi uzun bir yol keçib. İnformasiya yaradıcılığına dayanıqlı ənənə və müasir çağırışlar istiqamətində yanaşan müəllif bu sahədə bir sıra fundamental problemləri araşdırıb. Kitab tarix və müasirlik istiqamətini əsas kompozisiya xətti kimi qəbul edib.
Əvvəlcə dünyada informasiya yayımının tarixini araşdıran müəllif bostonlu tacir Samuel Gilbertin öz dükanında açdığı qiraətxanadan başlamış ilk xəbər agentlikləri olan “Havas Bürosu” (Fransa), “Reuters” (Böyük Britaniya), “Stefani” (İtaliya), “Volf” (Almaniya) və “Associated Press”in (ABŞ) yaranmasınadək keçilən yola qısa nəzər salır. Müasir dövrümüzdə informasiyanın roluna dair baxışlarını tanınmış jurnalistika nəzəriyyəçilərinin, habelə kulturoloq, sosioloq, psixoloq və filosofların tədqiqatları ilə əsaslandırır. Bununla da, ilk növbədə, gələcəyin jurnalisti və xəbər istehsalçısı olacaq ali məktəb tələbələrinə düşünmək üçün mövzu və zəngin həyat materialı verir.
Dörd fəsildən ibarət dərslik Azərbaycanda fəaliyyət göstərən informasiya agentlikləri barədə məlumatla başlayır. Təbii olaraq, Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) daha çox yer ayrılır. Belə ki, ölkəmizdə xəbər agentliyinin yaranması və təşəkkülünün tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunmuş Azərbaycan Teleqraf Agentliyi ilə bağlıdır. Dərslikdə Azərbaycan Teleqraf Agentliyinin varisi olan AZƏRTAC-ın keçdiyi tarixi yol, inkişaf mərhələləri sənədlərin dili ilə açılıb göstərilir. Həmçinin Azərbaycanın digər populyar informasiya agentlikləri barədə məlumatlar ölkəmizin müasir xəbər məkanı haqqında aydın təsəvvür yaradır.
Hazırda informasiyanın işlənməsi və yayılması texnologiyası çox da uzaq olmayan keçmişdən köklü şəkildə fərqlənir. İnternet, sosial şəbəkələr xəbər məkanına hədsiz operativlik və dinamika gətirməklə yanaşı, ənənəvi informasiya agentliklərini güclü rəqabətlə üzləşdirir. Onlar həyat qabiliyyətlərini təmin etmək üçün işi necə qurmalı, zamanın tələbi ilə ayaqlaşmaq üçün necə işləməlidirlər? İnformasiya işi sahəsində uzun illik təcrübəyə malik, beynəlxalq media forumlarının daimi iştirakçısı olan Aslan Aslanov təqdim etdiyi dərslikdə müasir informasiyanın işlənmə və yayılma problemlərinə xüsusi yer ayırır. Bu fəsildə cəmiyyətin həyatında informasiyanın və informasiya mübadiləsinin əhəmiyyəti, informasiyaya tələbatın ödənilməsində xəbər agentliklərinin rolu təhlil olunur, mövcud durumla bağlı maraqlı fikir və mülahizələr irəli sürülür. Müəllif hesab edir ki, problem bəzi hallarda informasiyanın yoxlanılmamış, ilk mənbədən dəqiqləşdirilməmiş faktlar əsasında və ya qərəzli mövqedən sifarişlə yazılması ilə bağlıdır.
İnformasiya resursları və mənbələrinin mövcud bolluğu və kəskin rəqabət şəraitində dünya mediası auditoriya toplamaq, diqqəti cəlb etmək üçün nə kimi yeni metod və üsullardan istifadə edir? Dərslikdə ABŞ-ın “Washington Post”, Böyük Britaniyanın “Times”, “İndependent” qəzetlərinin və digər Qərb mediasının bu sahədə təcrübəsi, eyni zamanda, auditoriyanı öyrənməyin yolları barədə maraqlı faktlar, bununla bağlı müxtəlif ölkələrdə aparılmış tədqiqatların nəticələri haqqında məlumatlar təqdim olunur.
Qloballaşan dünyada sərhədsiz informasiya məkanı formalaşıb. İnformasiyanın əldə edilməsi mənbələrinin coğrafiyası hədsiz dərəcədə genişlənib, xəbərin yayılması üçün hərtərəfli infrastruktur formalaşıb. Xəbərin məzmunu və forması ilə yanaşı, operativliyi və etibarlılığı əsas meyara çevrilib. Bütün bunlar informasiyanın istehsalçıları və istehlakçıları arasında yeni münasibətlərin yaranmasına gətirib çıxarır. İlk mənbə ilə işləmək bacarığı, informasiyanın alınması, işlənməsi, dəqiqləşdirilməsi, operativ şəkildə yayılması ön plana keçir. Dərslikdə bu amillərin hər biri Azərbaycanın informasiya agentliklərinin fəaliyyəti və KİV-lə bağlı elmi-nəzəri tədqiqatlar kontekstində araşdırılır. Müəllif, eyni zamanda, informasiya mənbələrinə, xəbərin əldə edilməsi və yayılması yollarına dair təcrübəsini, şəxsi fikir və mülahizələrini bölüşür.
Son vaxtlar informasiya işində ənənə və müasirlik ən çox müzakirə olunan, bəzən mübahisə doğuran məsələlər sırasındadır. Həyatımızda hər şey dəyişir və bu, informasiya işində də yeni yanaşmaları qaçılmaz edir. “Bütün dəyərlərin yenidən qiymətləndirilməsi zamanın hökmüdür” – F.Nitsşenin bu fikrini sitat gətirən dərslik müəllifi informasiyanın dəyişməyən, əslində zaman keçdikcə daha çox qiymətə minən dəyərləri barədə söhbət açır. Bu sırada xəbər istehsalının “qızıl modeli” adlandırılan “çevrilmiş piramida” formulu, obyektivlik amili xüsusi qeyd olunur. Eyni zamanda, mediada obyektivlik məsələsinə münasibətdə iki müxtəlif qütb qarşı-qarşıya qoyulur, bununla bağlı mövcud elmi mübahisələrdən doğan qənaət diqqətə çatdırılır.
Dərsliyin bu fəslində əsas informasiya janrları sayılan xəbər, müsahibə, söhbət, reportaj və hesabatın səciyyəvi cəhətlərindən, janr seçimini şərtləndirən amillərdən, bu məsələyə jurnalistin fərdi yanaşmasından bəhs olunur. Bununla yanaşı, analitik, bədii-publisistik, satirik janrlar barədə maraqlı elmi-nəzəri və praktik müddəalar irəli sürülür ki, bununla da təkcə jurnalistikanın informasiya siyasətinə deyil, bütövlükdə, janr nəzəriyyəsinə yeni baxış ifadə olunur.
Ənənə və müasirliyin yalnız vəhdətdə götürüldüyü təqdirdə uğur gətirə biləcəyinə əmin olan müəllif sosial şəbəkəyə, yaxud blogerlərə qısqanclıqla yanaşmır, onları rəqib hesab etmir. Youtube, Facebook, Tvitter və digər sosial şəbəkələrdə ildırım sürəti ilə yayılan xəbəri operativliyin zirvəsi adlandırır. Onun fikrincə, informasiya agentliklərinin operativlik baxımından sosial şəbəkəyə uduzması faciə hesab olunmamalıdır. Onlar xəbərin dəqiqliyi və səhihliyi, xəbərin təhlili ilə istehlakçılarının etimadını daha çox qazana bilirlər.
Dərslikdə informasiya agentlikləri və innovasiyalar, bununla bağlı müasir media nəzəri məktəbinin tanınmış mütəxəssislərinin fikirləri, xəbər çatdırmağın innovativ metodları olan multimedia və infoqrafiyanın üstünlükləri, ənənəvi medianın onlayn mediaya transformasiyası, zəmanəmizin xəbər meyarları, yeni texnologiyalar və fərdi brendlər, gələcəyin perspektivli jurnalist peşələri və jurnalistikanın digər aktual problemləri əksini tapıb. Maraqlı cəhət həm də orasındadır ki, informasiya istehsalının və ötürülməsinin innovativ metodlarının tətbiqi müəllifin rəhbərlik etdiyi agentliyin təcrübəsinə, bir az da qürurla desəm, yeni medianın Azərbaycan təcrübəsinə istinadla araşdırılır.
Bəlkə də ilk dəfədir ki, bu dərslikdə informasiya agentliklərinin bütün beynəlxalq və regional təşkilatları haqqında məlumat bazası toplu şəkildə təqdim edilir. Müvafiq bölmədə Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA), Ərəb Xəbər Agentlikləri Federasiyası (FANA), Beynəlxalq İslam Xəbərlər Agentliyi (IINA) və digər media qurumlarının tarixi, strukturu, AZƏRTAC-ın bu təşkilatlarda təmsilçiliyi ilə tanış olmaq mümkündür. Burada 2016-cı il noyabrın 16-17-də Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-ın XVI Baş Assambleyasının işinə dair zəngin material toplanıb. Yeri gəlmişkən, bir vaxt bu beynəlxalq qurumlara sadəcə üzv olmağa can atan AZƏRTAC indi onlara sədrlik edir. Qürurla deyə bilərəm ki, dərsliyin müəllifi Aslan Aslanov həm Dünya Xəbər Agentlikləri Konqresinin, həm də OANA-nın prezidentidir.
“İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” dərsliyi Bakı Dövlət Universiteti jurnalistika fakültəsi Elmi Şurasının, universitetin Elmi-Metodik Şurasının və Nəşriyyat Şurasının qərarları ilə nəşr olunub. Əsərin elmi redaktoru bu sətirlərin müəllifi, rəyçiləri AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, professor Həmid Vəliyev, redaktoru filologiya üzrə fəlsəfə doktoru Elşən Şahbalayevdir. Onu da deyim ki, biz bəzən dərslik deyəndə yalnız tələbələri nəzərdə tuturuq. Lakin elə dərslik var ki, ondan hər kəsə pay düşür. “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” bu gün bəlkə daha çox praktik jurnalistlərin karına gələcək. Çünki dərslik ali məktəb tələbələri ilə yanaşı, aspirantlar, tarixçilər, politoloqlar və praktik jurnalistlər üçün də zəngin məlumat mənbəyidir.
Cahangir Məmmədli
filologiya elmləri doktoru, professor