Musa Quliyev: Prezidentin yeni fərmanı məcburi köçkünlərə göstərilən xidmətin səmərəliliyini artıracaq
Bu fərman bir daha Azərbaycan prezidentinin Azərbaycanın aztəminatlı insanlarına, xüsusən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə olan qayğısının ifadəsidir.
Bunu 1news.az-a açıqlamasında millət vəkili Musa Quliyev Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanını şərh edərkən deyib. Millət vəkili bildirib ki, bu fərmana görə qaçqın və məcburi köçkünlərə ayrılan elektrik enerjisinin və təbii qazın haqqının ödənilməsi ünvanlı olaraq konkret pul kompensasiyası şəklində veriləcək:
“Əvvəllər də onların bu xərcləri dövlət vəsaiti hesabına qarşılanırdı. Amma bu mərkəzləşmiş qaydada dövlət büdcəsindən ayrılan vəsaitin konkret vətəndaşa deyil, bu xidməti göstərən təşkilata ödənilməsi yolu ilə həyata keçirilirdi”.
Azərbaycanın sosial müdafiə siyasətində ünvanlılıq və səmərəlilik siyasətinin həmişə ön planda dayandığını deyən M.Quliyevin sözlərinə görə, bu mənada qaçqın və məcburi köçkünlərə edilən bu güzəştlərin pul kompensasiyası şəklində ünvanlı olaraq özlərinə çatdırılması bir tərəfdən onlara ayrılan vəsaitin özlərinin istədiyi kimi, səmərəli şəkildə istifadəsinə şərait yaradır, digər tərəfdən bu prosesin səmərəliliyini artırır:
“Yəni bundan sonra müvafiq dövlət qurumları dövlət vəsaiti hesabına məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin yaşadıqları mənzillərə yeni sayğaclar quraşdıracaqlar və onlar işlətdikləri elektrik enerjisinin və təbii qazın haqqını onlara ayrılan kompensasiyanın hesabına ödəyəcəklər. Bu həm məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə göstərilən xidmətin səmərəliliyini, həm də ünvanlılığını artıracaq”.
Millət vəkili son illər dövlət tərəfindən qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və qarşılaşdıqları problemlərin həlli üçün görülən işlərə də toxunub:
“Heç kəsə sirr deyil ki, 1992-93-cü illərdə qaçqın və məcburi köçkünlərin əksəriyyətinin ümumiyyətlə, yaşamaları üçün evləri yox idi. Bir çoxu yeraltı qazmalarda, çadırlarda, vaqonlarda, yaşayış üçün şəraiti olmayan yarıuçuq binalarda məskunlaşmışdılar. İndi bunların heç biri yoxdur. Şəxsən dövlət başçısının diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlərin evlə təmin edilmələri üçün yeni şəhərciklər, qəsəbələr salındı. Eləcə də onların məşğulluq probleminin həlli üçün də lazımi addımlar atıldı”.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi məsələsinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu deyən M.Quliyev bu günə qədər onların çörək və un məmulatları ilə təmin olunmalarının, kommunal xərclərinin ödənilməsinin, eləcə də övladlarının təhsilinin dövlət vəsaiti hesabına həyata keçirildiyini xatırladıb.
Millət vəkili qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bir çox ölkələr üçün nümunə olduğunu xüsusi vurğulayıb:
“Bütövlükdə götürəndə Azərbaycan ərazi və əhali baxımından o qədər də böyük dövlət deyil. Buna baxmayaraq Azərbaycan əhalisinin 1/8-i qədər qaçqın və məcburi köçkünü 20 il öz hesabına saxlayıb. Amma varlı və zəngin Avropa dövlətləri ərəb ölkələrindən gələn 2,5 milyon qaçqının öhdəsindən gələ bilmir. Bu mənada müqayisə edəndə Azərbaycan dövlətinin həqiqətən də nə qədər böyük iş gördüyünü, humanist bir siyasət yürütdüyünü hər birimiz görə bilərik. Əminliklə demək olar ki, bu siyasət bundan sonra da davam etdiriləcək. Cənab prezident deyib ki, bizim son məqsədimiz yaşadıqları torpaqdan didərgin düşmüş insanları öz ata-baba yurdlarına göndərmək və orada onların əvvəlkindən də yaxşı şəraitdə yaşamalarını təmin etməkdir”.
Babək Cahandarov