Xələf Xələfov: Xəzərin hüquqi statusu ilə bağlı prinsipial müddəalar üzrə razılıq əldə olunub
Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 48-ci iclasının nəticəsini qənaətbəxş hesab edirik. İclasda bir çox açıq qalan və prinsipial məsələlər üzrə müddəalar və maddələr razılaşdırıldı.
1news.az xəbər verir ki, bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xələf Xələfovun sözlərinə görə, iclasda işçi qrupun və Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşlərinin Aşqabadda keçirilməsi qərara alındı. Görüşün dəqiq tarixi barədə hələ ki, məsləhətləşmələr aparılır.
Xarici işlər nazirinin müavini ümidvar olduğunu bildirib ki, nazirlərin toplantısında qənaətbəxş nəticə əldə olunacaq. Bundan sonra isə Astanada Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi nəzərdə tutulur.
1news.az