Sevinc Fətəliyeva: Qarabağdakı dini-mədəni abidələrimiz Ermənistan tərəfindən məqsədli şəkildə məhv edilir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında sərbəst müzakirələr zamanı Milli Məclisin deputatı, AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyeva çıxış edərək deyib ki, mədəni irs əvəzolunmaz dəyərə malik mənəvi, mədəni, iqtisadi və sosial kapitaldır. Təbii sərvətlərlə yanaşı, mədəni irs milli özünüdərk və beynəlxalq ictimaiyyət tərəfindən tanınmanın başlıca təməlidir. Ona görə də dövlətlərin iqtisadi və siyasi tərəfdaşlığı ilə bərabər, mədəni əməkdaşlığı da önəmlidir.
Deputat qeyd edib ki, tarixi və mədəni irsin qorunub saxlanması hər zaman böyük əhəmiyyət kəsb edib. Lakin son onilliklərdə münaqişə zonalarında mədəni irsin dağıdılması ilə əlaqədar bu məsələ daha böyük aktuallıq qazanıb. Bu gün AŞPA çərçivəsində mədəni irsin qorunması, beynəlxalq hüququn üzv dövlətlər tərəfindən icrasının koordinasiyası sahələrində beynəlxalq hüquqi alətin hazırlanmasına və qəbuluna ehtiyac var. Şərqlə Qərbin qovuşuğunda yerləşən və zəngin mədəni irsə malik olan Azərbaycan tarixən müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə yaşadığı məkan olub. Azərbaycanda qədim tarixi ənənəyə malik olan multikulturalizm və tolerantlıq bu gün də cəmiyyət həyatının və dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Bu il Cənubi Qafqazda, o cümlədən Azərbaycanda almanların məskunlaşdırılmasının və yaşayış məntəqələrinin yaradılmasının 200 illiyi tamam olur. Bununla əlaqədar, Prezident İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. 200 illik yubileyin UNESCO-nun yubileylər proqramına daxil edilməsi də əlamətdar hadisədir. Bu sənəd, həmçinin alman mədəniyyətinə məxsus abidələrin dövlət səviyyəsində bərpası və qorunması Azərbaycandakı multikulturalizm və tolerantlığın bariz nümunəsidir.
S.Fətəliyeva son illərdə Şəkidəki Kiş məbədinin, Nic kəndindəki Müqəddəs Yelisey Kilsəsinin, Bakıdakı erməni kilsəsinin təmiri və bərpası Azərbaycanda müxtəlif dinlərə məxsus mədəni irsin qorunmasına daha bir örnək olduğunu diqqətə çatdırıb. O deyib ki, Azərbaycan mədəni irsin qorunması ilə bağlı demək olar ki, bütün beynəlxalq sazişlərə qoşulub və bu sahədə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Lakin Azərbaycan mədəniyyətinin beşiyi sayılan, bu gün işğal altında olan Qarabağda dini-mədəni abidələr, məzarlıqlar da daxil olmaqla, maddi mədəni irsimiz Ermənistan tərəfindən məqsədli şəkildə məhv edilməkdədir. Ardıcıl vandalizm siyasəti nəticəsində bir çox qədim tarixi abidələrimiz dağıdılıb, digərləri isə məhv olmaq təhlükəsi qarşısındadır.
Deputat qeyd edib ki, beynəlxalq təşkilatlar da münaqişə zonalarındakı tarixi mədəni abidələrin qorunmasında çətinliklə üzləşirlər. Mədəniyyətlərarası və dinlərarası dialoqu genişləndirməklə ekstremist ideologiyalara və beynəlxalq terrorizmə qarşı mübarizəyə dəyərli töhfə vermək mümkündür.
AZƏRTAC