Azay Quliyev: “Ermənistan-Azərbaycan Sülh Platforması nadir platformadır”
“Ermənistan-Azərbaycan Sülh Platforması həm Ermənistan, həm də Azərbaycan qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülən nadir platformadır”.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib:
“Dağlıq Qarabağ münaqişəsinin yaranmasından indiyədək olan müddətdə ilk dəfədir ki, Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətlərinin təmsilçiləri bir araya gəliblər və belə bir platformanın yaradılmasına qərar veriblər. Bu Sülh Platforması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri çərçivəsində həllini məqsəd kimi qarşıya qoyub”, - deyə A.Quliyev əlavə edib.
Milli Məclisin deputatı qeyd edib ki, burada əvvəlki xalq və yaxud vətəndaş cəmiyyəti diplomatiyasından fərqli olaraq, çox açıq, dəqiq prinsiplər müəyyənləşdirilib və problemin həli ilə bağlı konkret mövqe ortaya qoyulub:
“Bu mövqe ondan ibarətdir ki, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə qeyd-şərtsiz, tam yerinə yetirilməlidir. Başqa sözlə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu qeyd-şərtsiz işğaldan azad olunmalıdır, azərbaycanlı qaçqın və məcburi köçkünlər o yerlərə qayıtmalıdırlar. Sonra Dağlıq Qarabağın hüquqi statusu müəyyənləşdirilməlidir. Bu hüquqi status Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədləri çərçivəsində müəyyən edilməlidir. Başqa sözlə, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar respublika statusu verilməlidir.
Üçüncü mühüm prinsip isə Dağlıq Qarabağda yaşayan ermənilərin və azərbaycanlıların təhlükəsizliyinə tam şəkildə təminat verilməsidir. Bu prinsiplər bu gün üçün yeganə prinsiplərdir, beynəlxalq hüquqa söykənən normalardır. Çox sevindirici haldır ki, artıq ermənilər də azərbaycanlılarla birlikdə uzun müddət davam edən bu münaqişəyə, nəhayət, son qoymaq istəyirlər”.
A.Quliyev sözlərinə əlavə edib ki, Ermənistan hakimiyyəti buna qulaq asmalıdır. Beynəlxalq təşkilatlar, xarici diplomatlar, xüsusilə ATƏT-nin Minsk qrupunun həmsədr ölkələri bu gün vətəndaş cəmiyyətinin səsinə diqqət yetirməli, onu nəzərə almalıdır:
“Bu, həm də beynəlxalq təşkilatlar tərəfindən tələb olunan sülhyaratma missiyasına çox gözəl töhfədir”, - deyə A.Quliyev bildirib.
1news.az