Penitensiar Xidmətdə müşavirə keçirilib - FOTO
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə 2016-cı ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
1news.az quruma istinadən xəbər verir ki, müşavirədə Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların rəis heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak edib.
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Ceyhun Həsənov tədbiri açaraq bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisi tərəfindən qəbul edilmiş və 10 minə qədər məhkumu əhatə edən amnistiya aktı penitensiar müəssisələrdə 3535 məhkuma tətbiq edilib, onlardan 2901 məhkum cəza çəkməkdən azad edilib, 634 nəfər məhkumun çəkilməmiş cəza müddəti 6 ay azaldılıb.
Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov isə çıxışında bildirib ki, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 266 mobil telefon, 219,4 qram müxtəlif narkotik və psixotrop maddələr, 45,5 litr qıcqırdılmış maye və spirtli içki aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.
Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 443 müxtəlif, o cümlədən xüsusilə ağır cinayətlərin üstünün açılmasına köməklik göstərilib.
Hesabat dövrü ərzində pozuntulara yol verən 286 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 7 əməkdaş tutduğu vəzifədən azad edilib, 20 əməkdaş isə ədliyyə orqanlarından xaric olunub.
Müşavirədə Penitensiar xidmətin ayrı-ayrı idarə rəisləri və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.
Əməliyyat müşavirəyə yekun vuran C. Həsənov mövcud nöqsan və pozuntulara toxunaraq, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin, habelə nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsinin Xidmətin fəaliyyətinin yaxşılaşdırılmasına zəmin yaradacağını vurğulayıb.
1news.az