Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib - FOTO
Hazırda paytaxtın küçə və prospektlərində yolun hərəkət hissəsi qardan təmizləndiyindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilmir.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyyə edilib.
Sürücülərə şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormozlama etməmələri tövsiyə olunur.
Sürücülərlə yanaşı piyadaların da belə günlərdə diqqətli olmaları zəruridir. Belə ki, piyadalar nizamlanmayan keçidlərdən istifadə edərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmasınlar. Çünki normal hava şəraitinə nisbətən qarlı havada avtomobillərin tormoz məsafəsi bir neçə dəfə artır.
1news.az