Azad Rəhimov: Azərbaycan gənclər üçün layihələrə 3 milyon dollar xərcləyib
Son beş ildə Azərbaycan gənclər üçün 3 mindən çox müxtəlif layihələr həyata keçirib. Bu layihələrə 24 milyon dollar xərclənib.
Bu haqda BMT Xəbərlər Mərkəzinə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib:
“Fəxr edirik ki, Prezident yanında Gənclər Fondu fəal iştirak edir. Təkcə bu il gənclər üçün təşkil edilmiş müxtəlif layihələrə 3 milyon dollar xərclənib”.
“Layihələr müxtəlif kateqoriyalara bölünür. Bu, hər hansı bir fiziki şəxsin təşəbbüsü ilə də keçirilə bilər. Yəni hansısa oğlan və ya qız ərizə verərək tədbirin keçirilməsi üçün qrant uda bilər”, - deyə A.Rəhimov sözlərinə əlavə edib.
Ümumilikdə isə Azərbaycanda müxtəlif sahələrdə 300-dən çox gənclər təşkilatı çalışır.
Azərbaycanın Gənclər və İdman Nazirliyi bazar ertəsi Nyu-Yorkda start götürən BMT-nin gənclər forumunun qonağı olub. Görüşün əsas məqsədi – yoxsulluğa qarşı gənclərin mübarizəsi, yəni Dayanıqlı İnkişafın (2015–2030-cu illər) ilk 17 məqsədinə nail olmaqdır.
Forumda dünyanın 70-dən çox ölkəsinin gənclər təşkilatı və nazirləri iştirak edir.
A.Rəhimov həmçinin qeyd edib ki, son illər Azərbaycanda distans təhsilin inkişafı, gənclər arasında könüllülərin səfərbərliyi sahəsində siyasətdə də yüksək nəticə əldə edilib.
“İri tədbirlər – Avropa Oyunları, Formula-1, Ümumdünya Şahmat Olimpiadası həyata keçiririk. Bu il Ümumdünya skautlar forumu keçirəcəyik.
Bu iri layihələr gənclərin birləşməsinə imkan yaradır. 17 mindən çox gənc istənilən an öz zamanını sərf edərək beynəlxalq tədbirlərin həyata keçməsinə yardımçı olur”
BMT-nin gənclər forumunun hər bir ölkə üçün yaxşı imkan olduğunu vurğulayan A.Rəhimov bildirib ki, bu sahədə görülmüş işlərdən, eləcə də təcrübə mübadiləsindən danışmaq olar:
“Çox maraqlı çıxışlar, çox maraqlı fikirlər səsləndirildi. Bütün bunları ölkəmizdə həyata keçirməyə çalışacağıq”.
1news.az