Bu gündən “Kiçik çillə” başlayır
Xalq inancına görə, bu gecədən etibarən Böyük çillə başa çatır və Kiçik çillə başlayır.
1news.az xəbər verir ki, qədim türklər qış fəslini üç yerə bölüblər: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir.
“Çillə” - çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağırlıq gətirən ifadədir.
Dekabr ayının 21-dən 22-nə keçən gecə müxtəlif bölgələrdə "Böyük çillə" mərasimi keçirilir. Böyük çillə təxminən yanvarın 30-u bitir.
“Böyük çillə” dövründə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklərin intensivliyi də az olur.
Daha mülayim olan Böyük çillədən fərqli olaraq, Kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Kiçik çillə 20 gün davam edir.
“Kiçik çillə”nin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir. Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir. Qovurğa qovrulur, qovut çəkilir.
“Kiçik çillə”dən sonra Boz ay başlayacaq. Boz ay isə Novruz bayramı ilə bitir.
1news.az