Azad Rəhimov BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumunda iştirak edib – FOTO
ABŞ-ın Nyu-York şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumu keçirilib.
1news.az-ın məlumatına görə, BMT-nin baş qərargahında 30-31 yanvar tarixlərində baş tutan forumun əsas mövzusu “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” olub.
Forumda Azərbaycanı BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti Frederik Musiva Makamure Shava tərəfindən dəvət alan gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında nümayndə heyəti təmsil edib.
Şuranın 6-cı iclasının keçirilməsinin əsas məqsədi, qloballaşmanın yaratdığı mənfi təsirlərlərlə mübarizənin çətinləşdiyi fonda, müxtəlif ölkələrdə milli inkişaf məqsədlərinin həyata keçirilməsində məhz gənclərin perspektivlərini üzə çıxarmaq olub.
Bunları nəzərə alaraq, forumda problemin çoxtərəfli həllinə dəstək məqsədilə milli, regional və qlobal səviyyələrdə gənclərin inkişafı üçün innovativ yanaşmalar və təşəbbüslər təşviq edilib. Eyni zamanda, forumda insanlar, planet, sülh və rifah mövzusunda kollektiv fəaliyyət üçün ideya və təşəbbüslər də əsas müzakirə istiqamətlərindən olub.
Forum zamanı çıxış edən nazir A.Rəhimov ölkədə dövlət tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyini, bu istiqamətdə müxtəlif illəri əhatə edən dövlət proqramlarının, sərəncamların imzalandığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, məhz bu diqqətdən irəli gələrək Azərbaycan BMT-nin əvvəlki baş katibi Ban Ki-Munun qlobal səviyyədə gənclər siyasətinə dəstək verilməsi ilə bağlı çağırışına cavab verən ilk ölkə olub.
A.Rəhimov region gənclərinin də diqqət mərkəzində olduğunu və onların cəmiyyətdə aktiv fəaliyyəti üçün imkanlar yaradıldığını qeyd edib. Eyni zamanda gənlər tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib:
“Dünyada iqtisadi problemlərin yaşanmasına baxmayaraq, ötən il ərzində tərəfimizdən 1008 gənclər layihəsi həyata keçirilib ki, onların da böyük əksəriyyəti BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzərində qurulmuşdur. Gənclər sahəsində görülən işlər haqda danışarkən, qeyd etməliyəm ki, Prezident yanında Gənclər Fondu tərəfindən son 5 ildə 3341 layihə dəstəklənib. ”
Çıxışının sonunda nazir Azərbaycanın istər yerli, istər regional, istərsə də beynəlxalq səviyyədə gənclərin inkişafı və gənclərə yönəlik layihələri dəstəkləyəciyini xüsusi olaraq diqqətə çatdırıb.
BMT-ə səfəri çərçivəsində nazir A.Rəhimov BMT-nin Avropa və MDB regionu üzrə direktoru xanım Cihan Sultanoğlu ilə görüşüb. Görüş zamanı Azərbaycanda gənclər sahəsində görülən işlərlə bağlı xanım C.Sultanoğlu tərəfindən məmnunluq bildirilib.
Bununla yanaşı, nazir Gürcüstan və Serbiyadan olan həmkarları ilə də görüşüb. Görüş zamanı hər iki ölkənin gənclər sahəsində həyata keçirilən layihələr, eyni zamanda qarşıda duran planlar haqda müzakirələr aparılıb.
A.Rəhimov Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyinin direktor vəzifələrini icra edən rəsmisi ilə də görüş keçirib. Rəsmilər iki ölkə gənclərinin əməkdaşlığını, gənclər festivalını, Rusiya-Azərbaycan gənclər forumunu, eyni zamanda AMOR-un hər iki ölkə gəncləri arasında dostluq əlaqələrinin möhkəmlənməsi sahəsində gördüyüy yüksək fəaliyyəti müzakirə ediblər.
Səfərin sonunda nazir A.Rəhimov BMT-nin baş katinin gənclər siyasəti üzrə xüsusi nümayəndəsi Əhməd Əlhəndavi ilə görüşüb. BMT nümayəndəsi Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi layihələrin önəmindən danışıb və Azərbaycana BMT-nin gənlər sahəsinin inkişafı istiqamətində həyata keçrdiyi layihələrə verdiyi yüksək dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan BMT ilə sıx əməkdaşlıq edir və BMT-nin mənzil qərargahında imzalanan sənədə əsasən 2014-ci ilin oktyabr ayında Bakıda ilk dəfə olaraq gənclər siyasəti üzrə Qlobal Forum keçirilib.
1news.az