Mübariz Əhmədoğlu: Ermənistanda Qarabağ klanının başçısının əvəzlənməsinə başlanıb
Ermənistanın baş naziri Karen Karapetyan Moskvada Ermənistanın Rusiyadakı səfirliyində Moskvada yaşayan erməni oliqarxlarları ilə görüş keçirib. Bu oliqarxlarla görüş və ya ölkədən kənardakı erməni diasporları ilə görüş adətən Ermənistanda prezident S.Sərkisyanın statusuna aid olan məsələlərdir. Amma Karen Karapetyan baş nazir olsa da məhz prezident statusuna aid olan məsələyə girişib.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanın baş naziri Karen Karapetyanın Moskvaya səfəri ilə bağlı xəbərini şərh edərkən bildirib:
“Bunun üçün əvvəlcə K.Karapetyan Moskvaya rəsmi dəvət aldı. RF baş naziri D.Medvedev K.Karapetyanı dəvət etdi. İki ölkənin baş nazirləri görüşdü. Ermənistanın baş naziri K.Karapetyan Rusiyanın marağında olan iki vacib güzəştə getdi. Bunlardan biri Ermənistanın mülki aviasiyasının “Superjet” təyyarələrlə təminidir. Digəri isə Rusiya vətəndaşlarının daxili pasportla Ermənistana səfər etmələridir.
K.Karapetyanın Rusiyaya qarşı belə güzəştlər etməsi Ermənistanda baş nazir postunda onun üçün yaranmış təhlükə ilə əlaqədardır. Eləcə də 30 erməni oliqarxı ilə kifayət qədər ciddi məsələlər müzakirə olunub. Qeyd edək ki, 30 oliqarx bu “İskəndər” operativ taktiki zenit-raket kompleksini Ermənistana alıb gətirən erməni oliqarxlarıdır və belə görünür ki, oliqarxlar S.Sərkisyanın K.Karapetyanı baş nazirlikdən uzaqlaşdırmaq niyyətini ciddi hesab edirlər və bu niyyətində S.Sərkisyana imkan verməyəcəklərini aşkar şəkildə ortalığa qoydular. S.Sərkisyanın K.Karapetyandan narazılığı ortalıqdadır”.
Politoloq qeyd edib ki, S.Sərkisyan K.Karapetyanı baş nazir təyin etməsini bütün siyasi həyatının ən ciddi səhvi adlandırıb. Bu narazılığa dəlalət edən digər addımları da var:
“ K.Karapetyana parlament seçkilərində iştirakına icazə verən 5 illik yaşayış arayışı verilmir. Ermənistanda dəfələrlə 5 il bu ölkədə yaşamayan erməniyə belə arayış verilib. Son çağırış parlamentin iki ən azı deputatı ABŞ-da yaşadığı halda Ermənistan polisi onlara son 5 ili Yerevanda yaşamaqları ilə bağlı arayış verdi və namizədliklərini irəli sürdülər. Amma bu istiqamətdə ən hay-küylü məsələ Robert Köçəryanın prezident seçilməsi zamanı baş verdi. Çünki R.Köçəryan bir gün də olsun Yerevanda yaşamamışdı, Dağlıq Qarabağdan kənara çıxmamışdı və Azərbaycan Respublikasının vətəndaşı idi. Amma ona prezident seçilərkən son 5 ili Yerevanda yaşamağı ilə barədə arayış verdilər. Belə saxtakarlığı S.Sərkisyan K.Karapetyan üçün də təkrarlaya bilərdi.
S.Sərkisyan hələ parlament seçkilərinə getməzdən əvvəl K.Karapetyanın fəaliyyətindən narazı idi. O 2016-cı ilin dekabrın əvvəlindən “Ermənistanın səlahiyyəti” adlı fond yaratdırdı. Hökumət səviyyəsində fəaliyyətdə olan 3 fond var. Rusiyalı erməni milyarder, “Ameriabank”ın təsisçisi Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabendlə yaratdığı daha bir fond var. Bu dörd fonddan sonra 5-ci belə bir fondun yaranması səbəbsiz deyildi. Əslində “Ermənistanın səlahiyyəti fondu” birbaşa prezidentin himayəsi və rəhbərliyi altında işləyəcəkdir. Əslində bu prezidentin hökumətin səlahiyyətlərinə girişməsi anlamındadır.
S.Sərkisyan “Əlcəzirə” kanalına verdiyi müsahibədə özünün yenidən baş nazir olacağını istisna etmədi. Əvvəllər dəfələrlə bunu istisna etmişdi.
Beləliklə prezidentin baş nazirdən narazılığı və baş naziri işdən uzaqlaşdırmaq istiqamətində səyləri göz qabağındadır. Amma Rusiyada yaşayan erməni oliqarxları o zaman “İskəndər” raket kompleksini alıb göndərərkən S.Sərkisyanla razılaşmışdılar ki, Karen Karapetyan uzun müddət Ermənistanda baş nazir olacaqdır. İndi S.Sərkisyan vədini yerinə yetirmir. Bütün bunları nəzərə alaraq Moskvadakı ermənilər vahid güc halında birləşdilər. Onların yaydığı bəyanatdan bu açıq-aşkar hiss olunur. Amma işin əsas mahiyyəti “Taşir” qrupunun başçısı Samvel Karapetyanın Moskvadakı bu erməni oliqarxlarının sırasında olmasıdır. Görünür, “Taşir” qrupunun başçısı Karapetyan da S.Sərkisyanın əvvəlki xuliqanlıqlarını, vəd verib yerinə yetirməməyini nəzərə alaraq artıq Moskvadakı erməni oliqarxlarına qoşularaq S.Sərkisyana qarşı mübarizə aparmağa başladı”.
Mübariz Əhmədoğlu bildirib ki, beləliklə S.Sərkisyanı və Ermənistanı ciddi sınaq gözləyir:
“Moskvada yaşayan oliqarxların birinci növbədə məqsədi Qarabağ klanın kobud, yöndəmsiz və qaba, savadsız təmsilçisi olan S.Sərkisyanı Qarabağ klanın daha intellektual təmsilçisi olan K.Karapetyanla əvəzləməkdir. Yaxın vaxtlarda prezident S.Sərkisyanın səlahiyyətləri azalacaq, baş nazir Karen Karapetyanın səlahiyyətləri artacaqdır. 2018-ci ildə prezident seçkiləri zamanı isə Yerevan erməniləri Qarabağ klanını Ermənistanda hakimiyyətdən tam uzaqlaşdıracaqlar.
Baş verənlər Ermənistanın ümumi siyasi dəsti xəttinin məntiqindən doğan məsələdir. S.Sərkisyan hakimiyyəti hökmən ortalığa belə bir sonluq qoymalı idi. Çünki Azərbaycanın 20 faiz torpağını işğal edən Qarabağ klanı bütövlükdə Ermənistan dövlətçiliyini məhvə aparır. İndi Azərbaycan Dağlıq Qarabağ problemi həll olunmadan da öz inkişaf yolunu tapıb.
Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üçün bir neçə variantlar hazırlayıb reallaşdırır. Amma Ermənistan dövlətçiliyinin xilası üçün isə ermənilər ortalığa ciddi bir şey qoymayıb və Moskvadakı ermənilərin atdığı addımlar məhz Ermənistan dövlətinin xilası istiqamətində atılan addım kimi başa düşülməlidir. Bu isə Dağlıq Qarabağ probleminin həllindən sonra mümkündür. Hər halda Moskvadakı ermənilərin bir qismi bunu dərk edir”.
1news.az