Kubanın səfiri Alfredo Nieves Portuondo: “Kuba azərbaycanlı investorları dəvət edir”
Kuba Respublikasının Azərbaycan Respublikası, Türkmənistan və Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Alfredo Nieves Portuondo Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
1news.az “Caspian Business Club”a istinadən xəbər verir ki, görüş zamanı Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy International Media Group çərçivəsində Azərbaycanla Kuba arasında informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub.
Səfirin sözlərinə görə, Azərbaycanla Kuba arasında siyasi münasibətlər olduqca yüksək səviyyədədir və diplomatik səylər iqtisadi-ticari əməkdaşlığın inkişafına yönəldiləcək. “Bizi Bakıda keçirələcək turizm sərgisinə dəvət ediblər. Həmin sərgidə iştirakımız təsdiqlənsə və baş tutsa, bu, Kubanın Azərbaycanda turizm sərgisində ilk iştirakı olacaq”, - deyə səfir qeyd edib. O bildirib ki, “turizm Kuba sənayesində ilk sıralardan birini tutur, 2016-cı ildə Kubaya 4 milyon turist səfər edib”.
Alfredo Nieves Portuondo Azərbaycanla Kuba arasında turizm mübadiləsinin inkişafı üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Kuba Azərbaycan investisiyasında maraqlıdır. Bundan əlavə, səfir bildirib ki, Azərbaycan həmişə kənd təsərrüfatının inkişafı ilə məşhur olub və hər iki ölkə bu sahədə əməkdaşlıq edə bilər. “Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində ortaq Azərbaycan-Kuba müəssisəsi yarada bilsək, bu, ikitərəfli əlaqələrin inkişafına kömək edər”, - deyə Alfredo Nieves Portuondo deyib.
“Kubada olduğu kimi, Azərbaycanda da səhiyyə sisteminə xüsusi diqqət ayrılır. Bununla əlaqədar olaraq biz həm də tibb, tibbi xidməti və əczaçılıq sənayesi sahəsində əməkdaşlıq haqqında danışa bilərik. Eyni zamanda əczaçılıq məhsulları və biotexnologiya sahəsində mübadilə də mümkündür. Kubanın başqa ölkələrlə artıq belə bir təcrübəsi var”, - deyə səfir çıxışına davam edib.
O həmçinin neft-qaz sahəsində də əməkdaşlıq məsələsinə toxunub. “Kuba ildə 4 milyon ton ağır neft çıxarır. Hasilat əsasən Havananın şimalında həyata keçirilir. Meksika körfəzində Kubaya məxsus üçbucaq mövcuddur. Proqnozlara görə, orada böyük neft ehtiyatı var. Hazırda biz dərində yerləşən yataqlardan neft çıxarmaq üçün texnologiya tətbiq edən Norveç, Rusiya, Vyetnam, Fransa və Braziliyanın müəssisələri ilə birlikdə həmin sahədə ciddi tədqiqat aparırıq. Tədqiqatlar göstərir ki, orada həqiqətən neft var. Yüz ildən artıqdır ki, fasiləsiz neft və qaz çıxaran Azərbaycan bu sahədə zəngin təcrübəyə sahibdir. Bakıda çoxlu kubalı tələbələr təhsil alıb. Biz bu sahələrdə əməkdaşlıq edə bilərik”.
Səfir Azərbaycan müəssisələrini Havanada xarici ticarətə və turizmə həsr olunmuş sərgiyə dəvət edib. O, Caspian European Club-un (Caspian Business Club) və Caspian American Club-un fevral ayında keçiriləcək biznes-forumlarında iştirak etmək niyyətində olduğunu qeyd edib.
Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli əlaqələrin inkişafı və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunub, həmçinin turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələlərindən danışıb.
1news.az