Mübariz Əhmədoğlu: Tehran erməni yeparxiyasının başçısı Sepux Sərkisyan İnterpolla axtarışa verilməlidir
İran Sepux Sərkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə görə cəzalandırılması prosesinə başlamalıdır.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu erməni əslilli İran vətəndaşı Sepux Sərkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsini şərh edərkən deyib:
“Erməni Apostol kilsəsinin Tehran yeparxiyasının başçısı Sepux Sərkisyan İran İslan Respublikasının vətəndaşıdır və dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Dəfələrlə bu və ya digər formada Azərbaycan torpaqlarını işğal altında saxlayanlara maddi və mənəvi yardım edib. Sepux Sərkisyan aprel döyüşlərindən sonra Dağlıq Qarabağa səfər etdi və separatçı rejimin de-fakto rəhbəri Bako Saakyanla görüşdü. B.Saakyan fasiləsiz və mütəmadi yardımına görə Sepux Sərkisyana minnətdarlığını bildirdi.
Bütün bunlar barədə Ermənistanın və İranın xəbər saytlarında məlumatlar yayılıb. Heç bir tərəf Sepux Sərkisyanın Dağlıq Qarabağa səfər və separatçı rejimə yardım etməsi faktını inkar etməyib.
1992- ci ildə keçmiş SSRİ respublikaları beynəlxalq praktikada formalaşmış prinsip olan Uti possidetis prinsipi (malik olduğu sərhədlər dəyişdirilməməlidir) əsasında BMT-yə üzv qəbul edildilər. BMT sənədlərinə görə Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilər Azərbaycan Respublikasına məxsusdur. Bunu erməni də olsa, İran İslam Respublikasının vətəndaşı Sepux Sərkisyan da dərk etməli idi. Ona görə İran Sepux Sərkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə görə cəzalandırılması prosesinə başlamalıdır”.
Politoloq bildirib ki, əgər İran bu prosesi başlamayacaqsa, Azərbaycan Respublikasının Sepux Sərkisyanı İnterpol xətti ilə axtarışa verməkdən başqa çarəsi qalmır:
“Rusiya və İsrail vətəndaşı A.Lapşinin Azərbaycana ekstradisiyası bu sahədə İrana çox vacib görk ola bilər. İsrail dövləti öz vətəndaşının Azərbaycana ekstradisiyasına maneçilik etmədi. Amma əvvəlcə rəsmi Təl-Əviv fərqli mövqedə idi. İsrail öz vətəndaşının Azərbaycan Respublikasına qarşı törətdiyi əməllərdən xəbərdar olan kimi mövqeyini yumşaltdı. İran Azərbaycan Respublikasının ərazi bütövlüyünə, dinc qoşuluq prinsiplərinə, beynəlxalq hüquqa hörmət edərək işğal olunmuş Azərbaycan ərazisinə qanunsuz səfər və separatçı rejimə dəfələrlə maddi yardımlar edən vətəndaşını cəzalandırmalıdır”.
1news.az