Elman Nəsirli: Avropa Parlamenti “5-ci kolon” funksiyasını həyata keçirənlərdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir
Azərbaycan prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri kifayət qədər uğurlu bir səfər oldu.
Bunu 1news.az-a açıqlamasında millət vəkili Elman Nəsirli prezident İlham Əliyevin 5-6 fevral tarixlərində Belçika Krallığına səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, bu səfər Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir:
“Səfər çərçivəsində dövlət başçısı Avropa İttifaqının rəhbərliyi, eyni zamanda Belçika kralı ilə çox mühüm məsələlər ətrafında fikir mübadiləsi apardı. Görüşlərin gedişatında ikitərəfli əlaqələrin bundan sonrakı inkişafı məsələləri, xüsusilə də əməkdaşlıq və tərəfdaşlıq sahəsində yeni bir sənədin imzalanması ilə bağlı məsələlər əsas müzakirə məsələlərindən oldu. Cənab prezidentin həm Avropa komissarı, həm də Avropa İttifaqı Şurası rəhbəri ilə apardığı danışıqlarda Aİ-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafının ən mühüm məsələlərinə dair məqamlar diqqətdə saxlanıldı.
Xüsusi qeyd olunmalıdır ki, Aİ rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini bir daha müdafiə etdi. Bu görüşlər bir daha göstərdi ki, enerji təhlükəsizliyi sahəsində də əlaqələrin inkişafının geniş imkan və perspektivləri var və tərəflər bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Cənub Qaz Dəhlizi layihəsi də əslində həmin əlaqələrin ən yüksək səviyyədə inkişaf etməsinin mühüm bir göstəricisidir”.
E.Nəsirli prezident İlham Əliyevin Belçikaya səfəri zamanı Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının pozulması haqqında debatlar keçirilməsinə də münasibət bildirib. Həmin tədbirin Azərbaycana təzyiq göstərmək istəyən qüvvələr tərəfindən təşkil olunduğunu deyən millət vəkili qeyd edib ki, Azərbaycanla heç bir halda diqtə dili ilə danışmaq olmaz:
“Avropa Parlamentinin Azərbaycana münasibətdə qərəzli yanaşmasının dəfələrlə şahidi olmuşuq. Məhz həmin qərəzli yanaşmanın, qarayaxma kampaniyasının nəticəsində düz bir il ərzində Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələr dondurulmuşdu. Keçən il sentyabr ayının 20-də Avropa Parlamentinin 15 deputatının Azərbaycana səfərindən və ölkə prezidenti ilə görüşündən sonra faktiki olaraq günahlarını etiraf etdilər və bunula da əlaqələrimiz bərpa olunmağa başladı. Bildiyiniz kimi, artıq Avronestin də fəaliyyəti başlayıb və Azərbaycan parlamentinin 10 deputatı Avronestdə təmsil olunacaq. Eyni zamanda Aİ-Azərbaycan parlamentlərarası əlaqələr komitəsinin də işi bərpa olunub.
Azərbaycan tərəfi hər zaman bərabərhüquqlu, qarılıqlı faydalı əməkdaşlıq münasibətlərinə istinad edir və başqa dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətləri məhz bu prizmadan tənzimləyir. Azərbaycanla heç bir halda diqtə dili ilə danışmaq olmaz. Amma təəssüf ki, Avropa Parlamentinin həm əvvəlki, həm də indiki rəhbərliyinin dövründə bu tendensiya bu və digər hallarda təkrar olunmağa başlayıb”.
E.Nəsirli bildirib ki, prezident İlham Əliyevin Belçikaya səfəri zamanı Avropa Parlamentində özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim edən, əslində isə “5-ci kolon” funksiyasını həyata keçirən Xədicə İsmayılova, Leyla Yunus kimi insanlarla görüşün keçirilməsi onların timsalında Azərbaycanda insan hüquqlarının tapdalanması fonu yaratmaq və beləliklə də Azərbaycan prezidentinə təzyiq göstərmək xətti ola bilərdi:
“Bütün bunları nəzərə aldıqda demək olar ki, belə bir görüşün keçirilməsi heç bir məna kəsb edə bilməz. Çünki Azərbaycan prezidenti keçən il sentyabr ayında Avropa parlamentarilərinə faktlarla, arqumentlərlə izah etdi ki, onların Azərbaycanla bağlı mövqeyi qərəzli, subyektiv olmaqla yanaşı bir təzyiq elementidir və bir sifarişdir. Azərbaycanla bu dildə danışmaq olmaz.
Yenə də Avropa Parlamentində müəyyən dairələr Azərbaycanla diktə dilində danışmağa çalışaraq, eləcə də özlərinə alət etdikləri insan hüquqlarının müdafiəsi ilə bağlı insanlardan istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışır. Bunlar təbii ki, Azərbaycana heç bir təsir edə bilməz. Leyla Yunusun, Xədicə İsmayılın kim olduqlarını xalqımız yaxşı bilir. Bu insanlar əslində xarici qüvvələrin əlində bir alətdirlər və bunu hər kəs yaxşı bilir. Ona görə də Azərbaycan ictimaiyyətini belə məlumatlarla çaşdırmaq olmaz.
Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti, inkişaf var. Bütü bunlar onun sayəsində baş verib ki, ölkəmizdə hakimiyyət-xalq birliyi var. Xalq öz prezidentini müdafiə edir. Prezident də həmin siyasi dairələrin diqtəsi ilə deyil, məhz xalqın mənafeyindən çıxış edən müstəqil bir siyasət həyata keçirir”.
B.Şıxlı