“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz üçüncü cildi çapdan çıxıb
“Azərbaycan qədim tarixi və zəngin mədəniyyəti olan ölkədir. Lakin müstəqil ölkə kimi, tariximiz nisbətən qısadır. Əsrlər boyu biz digər imperiyaların və ölkələrin tərkibində yaşamışıq. Lakin biz milli mənsubiyyətimizi qoruyub saxlaya bilmişik.
Bu bizim milli köklərimizə bağlılığımız sayəsində mümkün olmuşdur. Biz bu haqda daim düşünməliyik. Qloballaşan dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycana gətirmək üçün biz ümumbəşəri dəyərləri bölüşürük, lakin bizim öz dəyərlərimiz, Azərbaycan və islam dəyərlərimiz, ənənəvi dəyərlərimiz də var. Bütün bunlar inkişafımızın əsaslarını təşkil edir”.
Yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 33-cü cildində yer alan bu fikirləri dövlətimizin başçısı İslam Ölkələrinin Ali Təhsil və Elm Nazirlərinin Bakıda keçirilən IV Konfransının iştirakçıları ilə görüşündə söyləyib.
Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2008-ci ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti cildində dövlətimizin başçısının Azərbaycana səfər etmiş Gürcüstan Prezidenti ilə görüşünə, Rusiya Federasiyası, Türkiyə, ABŞ və digər ölkələrin, Avropa İttifaqı, MDB, ATƏT və NATO-nun yüksək vəzifəli şəxslərini qəbul etməsinə, habelə Prezident İlham Əliyevin Moskvaya və Türkiyəyə səfərləri zamanı keçirdiyi görüş və danışıqlara aid materiallar yer alıb.
Nəşrin bu cildində 2008-ci ilin oktyabrında Azərbaycanın tarixində əlamətdar hadisə - prezident seçkilərində xalqın böyük dəstəyini qazanmış İlham Əliyevin andiçmə mərasimindəki nitqi, növbəti illərdə qarşıda duran məsələlərə dair çıxışları yer alıb. Kitaba, həmçinin dövlətimizin başçısının bölgələrə səfərləri, regionların sosial-iqtisadi inkişaf proqramının icrası ilə əlaqədar ölkənin sosial, iqtisadi, kənd təsərrüfatı və mədəni cəhətdən inkişafına həsr olunmuş nitqləri, ictimaiyyət nümayəndələri ilə görüşlərinə, səfər etdiyi bölgələrdə bir sıra mühüm obyektlərin açılışında iştirakına, eləcə də paytaxtımızda həyata keçirilən tikinti-quruculuq işləri ilə şəxsən tanış olmasına dair materiallar daxil edilib. Bu cilddə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasda nitqləri də dərc olunub.
Nəşrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycan Qadınlarının III Qurultayının, İslam Ölkələrinin Ali Təhsil və Elm Nazirlərinin IV Konfransının iştirakçılarına müraciətləri, Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illik yubileyi münasibətilə prokurorluq orqanlarının əməkdaşlarına təbriki, müxtəlif bəyanatları, məktubları yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 33-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
AZƏRTAC