Elmar Məmmədyarov: Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq
Yaxın 6 ay ərzində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq.
1news.az-ın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
Birgə reallaşdırılan layihələrdən danışan nazir bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə veriləcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, layihənin reallaşması Azərbaycanla Gürcüstanın inkişafına bir təkan olacaq.
Azərbaycanla Gürcüstan arasında əlaqələrin dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslandığını deyən E.Məmmədyarov qeyd edib ki, iki ölkə arasında əlaqələr strateji xarakter daşıyır.
Azərbaycanla Gürcüstanın bir birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini deyən nazir bildirib ki, gürcüstanlı həmkarı ilə görüşü zamanı hazırda Gürcüstanın sədrlik etdiyi GUAM təşkilatı çərçivəsində əlaqələrin inkişafı barədə müzakirələr aparılıb:
“GUAM-ı xüsusilə iqtisadi baxımdan necə gücləndirmək barədə danışdıq. Müəyyən layihələr var. Yaxın 2-3 ay ərzində təşkilata üzv ölkələr arasında yüksək səviyyəli görüş nəzərdə tutulur”.
1news.az