Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüşüb – FOTO
Xarici işlər naziri Elmar Məmmədyarov latviyalı həmkarı Edqar Rinkeviçs ilə görüşüb.
XİN-dən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Latviya və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı səviyyəsi, gələcək inkişaf perpektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov səfərin Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin hərtərəfli inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edib. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə toxunan nazir prezident İlham Əliyevin Brüsselə səfəri və Aİ-də keçirdiyi görüşlərin əhəmiyyətini diqqətə çəkib.
Tərəflər sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ekologiya, mədəniyyət, təhsil və turizm kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün əlverişli imkanların olduğunu qeyd ediblər. Bu məqsədlə mütəmadi əsasda biznes forumlar və işgüzar görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Nazir Edqar Rinkeviçs ölkəsinin ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan ilə hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırıb. O, Latviyanın Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq əlaqələrini dəstəklədiyini vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti barədə həmkarına məlumat verən nazir Elmar Məmmədyarov Latviyanın münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib.
Görüş zamanı həmçinin elmi-texniki və mədəni-təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi, parlamentlərarası əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsi, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və digər qarşılıqlı maraq kəsb edən məsələlər də müzakirə olunub.
Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi” haqqında Saziş imzalanıb.
1news.az