Mətbuat Şurası: Həmin video Azərbaycan xalqında xof yaratmaq, qorxu aşılamaq məqsədlidir
Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində atəşkəsin pozulması nəticəsində hərbçilərimiz həlak oldu. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli gələrək əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı. Onların dövriyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı videogörüntü də məhz həmin müddətdə hazırlanmışdı.
1news.az xəbər verir ki, bu fikirlər Azərbaycan Mətbuat Şurasının müraciətində yer alıb.
Müraciətdə deyilir ki, məlum videogörüntü Azərbaycan ictimaiyyəti içərisində xof yaratmaq, qorxu aşılamaq məqsədi daşıyır. Təəssüf ki, bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə istifadəçiləri bunun fərqinə varmırlar, məsələyə sentimentallıq çalarları gətirərək paylaşımlar edirlər. Qabardılan cəhət isə əsgərlərin əl-ələ tutaraq şəhid olmalarıdır. Hər bir halda yerdəki cansız cəsədlər Azərbaycan hərbçilərinindir, yaxud Ermənistan tərəfindən Azərbaycan hərbçilərinə məxsus olduğu iddia edilir.
Nəzərə almaq lazımdır ki, övladı, qardaşı, qohumu hazırda cəbhə xəttində xidmət edən vətəndaşlarımız var. Onların həmin görüntüləri izləyərkən hansı ağır hissləri keçirdiklərini təsəvvür etmək çətin deyil. Ermənistan hakimiyyət dairələri də məhz ağır hisslərə toxunmaq, inamsızlıq aşılamaq məqsədi güdürdülər.
Azərbaycan Mətbuat Şurası internet informasiya resurslarına, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinə müraciət edərək, Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan hərbçilərinin cəsədlərinin yer aldığı iddia olunan videogörüntüləri yaymamağa çağırır. Şura kütləvi informasiya vasitələrinə, KİV kimi fəaliyyət göstərdiyini iddia edən hüquqi və fiziki şəxslərə cəmiyyətdə ruh düşkünlüyü yarada bilən, yaratması ehtimal olunan meyillərdən uzaq durmağı, həssas davranmağı tövsiyə edir.
Müraciətdə deyilir: “Bir daha bildiririk ki, həssas olmaq peşəkarlıq göstəricisidir. Peşəkarlıq isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin materiallarına istinad, əldə edilmiş məlumatların bu qurumla dəqiqləşdirilməsidir”.
1news.az