“Oğlunu qaçırdı” deyilən atadan açıqlama: “Məndən qisas alırlar” - FOTO
Mart 4-də “Qafqazinfo”ya müraciət edən Könül Ərsoy keçmiş ərinin bir qrup şəxslə evinə basqın edərək 4 yaşlı oğlunu qaçırdığını bildirmişdi.
1news.az xəbər verir ki, saytın əməkdaşı məsələ ilə bağlı şikayətçinin əri Babək Ərsoy ilə əlaqə saxlamağa çalışsa da, bu, mümkün olmamışdı.
Şikayət dərc olunduqdan sonra yazıda adı çəkilən və uşağı oğurlamaqda ittiham olunan Babək Ərsoy saytın redaksiyasına gəlib və sənədlərlə hadisənin yanlış çatdırıldığını, əksinə olaraq ananın uşağa psixoloji və fiziki zərər verdiyini bildirib. Atanın sözlərinə görə, 3 il ailəli olduqdan sonra 2013-cü ildə yoldaşı uşağı qoyub getdiyi üçün rəsmi qaydada ayrılıblar:
“Ayrıldıqdan sonra uşağın vəkaləti ilə bağlı məhkəmə işi başladı və məhkəmə bizi əvvəlcə qəyyumluğa yönəltdi. Uşaqlarla iş üzrə qəyyumluq komissiyası baxış keçirdikdən, uşağın anası ilə də danışdıqdan sonra rəy verdi ki, uşaq atasında qalmalıdır. Rəy məhkəməyə göndərilsə də, standart qərar çıxarıldı ki, uşaq anasında qalmalıdır. Qərarın xeyrimizə dəyişməyəcəyi üçün apelyasiya şikayəti vermədik və uşaq mənim yanımda qaldı. Ancaq bir müddət sonra əmlak bölgüsü aparılanda qarşı tərəf məndən ev istədi. Mənim elə bir imkanım olmadı və uşaqdan vasitə kimi istifadə etməyə başladılar”.
B.Ərsoyun sözlərinə görə, elə mübahisələr də o zamandan başlayıb:
“Həmin vaxta kimi heç bir problem olmamışdı. Uşağı heç aparmırdılar. Ancaq bu anlaşılmazlıq olandan sonra uşağı götürdü və mənə göstərməməyə başladı. Bu zaman bütün ailə telefon nömrələrini dəyişdi. Hətta yaşadıqları evi kirayə verib başqa yerdə ev tutdular. 2 il uşağımı görmədim, heç bir xəbər ala bilmədim. Yenidən biz məhkəməyə müraciət edəndə mənə uşağımla görüş üçün həftədə 3 saat verdi. Hər dəfə uşaqla görüşəndən sonra məndən ayrılmaq istəmirdi. Bir-iki dəfə başını qatıb göndərdim, üçüncü dəfə rəngi-ruhu dəyişdi və “getmirəm” dedi. Fikirləşdim ki, uşağa nəsə təziq göstərilə bilər, ona görə vermədim. İcaradan zəng vurdular. Bildirdim ki, təzə ailə həyatı qurmuşam, uşağı qaytarmaq mənə də sərf edir. İşim var, bağçaya qoymaqdansa, anası baxsın. Ancaq uşaq getmək istəmir. Mən də ata kimi buna göz yuma bilmirəm”.
Daha sonra Könül Ərsoy Bakı Baş Polis İdarəsinin azyaşlılarla iş üzrə şöbəsinə müraciət etsə də, bu dəfə də uşağın atasında qalması ilə bağlı protokol tərtib olunub:
“Bir neçə gün sonra polislər, qəyyumluq şöbəsinin psixatrı və icra nümayəndələri evimizə gəlib uşağı aparmaq istədilər. Anasına verəndə oğlum ağladı, özündən getdi. Yenə insaflı çıxdılar və protokol tərtib edərək uşağı mənə geri qaytardılar. Ancaq icra yenə də məndən əl çəkmədi. Mənim haqqımda təqdimat yazaraq cinayət işi açılmasını tələb etdi. Məhkəməyə apardılar və sorğu-sualsız 10 sutka həbs verdilər. Həbsdə 2 sutka qaldım, sonra vəkilimin apellyasiya şikayətinə əsasən bəraət aldım. Sonradan bilmişik ki, Yasamal rayon İcra rəsisi Zaur Abdullayev keçmiş həyat yoldaşımın yaxın qohumu imiş. Məsələ üzə çıxandan sonra onun təyinatı başqa yerə dəyişdirilib. Biz məhkəmədə psixatr müayinəsi tələb etmişdik. Ancaq onlar uşağı gətirmədilər. Bundan sonra narahat oldum və evlərini taparaq uşağımı onlardan aldım. Əvvəl sərbəst danışan uşaq indi danışmır. Ayağında əl boyda “şram” var. Nə gecə yatır, nə gündüz. İndi yavaş-yavaş özünə gəlir. Hazırda mənim yanımdadır. Elə başa düşürəm ki, məndən qisas almaq üçün uşaqdan istifadə ediblər”.
1news.az
Mövzu ilə əlaqədar - Bakıda ailə qarşıdurması: Ata oğlunu qaçırdı