Azərbaycan Prezidentinin İrana rəsmi səfəri yerli mətbuatda geniş işıqlandırılıb - FOTO
Azərbaycan Prezidentinin İrana rəsmi səfəri yerli mətbuatda geniş işıqlandırılıb.
İranın İRNA, Mehr, Fars, İsna, İlna, Tasnim kimi aparıcı xəbər agentlikləri, nüfuzlu “Keyhan” qəzeti, ingilis dilində nəşr olunan “Tehran Times” və “İran Daily” qəzetləri Azərbaycan və İran prezidentlərinin görüşünə geniş yer ayırıblar.
Xəbərlərdə qeyd olunur ki, hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək bütün sahələr üzrə əlaqələrin inkişaf etdirilməsini qərara alıblar. Azərbaycan və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin keçdiyi regionda yerləşən mühüm dövlətlərdir.
Səfər çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanmasına xüsusi diqqət yetirən İran mətbuatı yazır ki, dəmir yollarının birləşdirilməsi hər iki ölkənin dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirəcək.
Nəzərə çatdırılır ki, dövlətlər arasındakı münasibətlər prezidentlərin qarşılıqlı inam və etimadına əsasən inkişaf edir.
AZƏRTAC