Azərbaycanlı məcburi köçkün qadınlar Sarkisyanın Fransaya səfəri ilə əlaqədar Fransua Ollanda məktub ünvanlayıblar - FOTO
Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan qadınları Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfəri ilə əlaqədar Fransa Respublikasının Prezidenti Fransua Ollanda, Milli Assambleyanın prezidenti Klod Bartolona və Senatın sədri Jerar Larşeyə məktub ünvanlayıblar.
Bu barədə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən məlumat verilib.
İcmanın üzvü olan bir qrup qadın tərəfindən imzalanmış məktubda deyilir:
“Sizə məlum olduğu kimi, qonşu Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq güc tətbiq etməklə silahlı ordusu vasitəsilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini güc yolu ilə dəyişmək məqsədilə Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsini və ona bitişik olan yeddi rayonunu işğal edib.
Ermənistan Respublikasının silahlı qüvvələrinin apardığı etnik təmizləmə nəticəsində bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində bir nəfər də olsun azərbaycanlı yaşamır və bu etnik təmizləmə siyasətinin kulminasiya nöqtəsi 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımıdır. Bir neçə gün bundan əvvəl 25 illiyi qeyd edilmiş Xocalı soyqırımı Ermənistan Respublikasının hazırkı prezidenti Serj Sarkisyanın birbaşa rəhbərliyi ilə təşkil olunub və beynəlxalq mətbuata müsahibələri zamanı o, özü bunu şəxsən təsdiq edib. Azərbaycan mənşəli 613 insan, qadınlar, kişilər, yaşlılar və uşaqlar yalnız azərbaycanlı olduqları üçün bu dəhşətli soyqırımına məruz qalıblar. Bu gün işğal altında olan Dağlıq Qarabağ bölgəsində, həmçinin yeddi ətraf rayonda bir nəfər də olsun azərbaycanlı yaşamır. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Azərbaycan və erməni mənşəli Azərbaycan vətəndaşları birlikdə yaşayıblar.
Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan torpaqlarımızın 20 faizi beynəlxalq hüquqa, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd mühüm qətnaməyə zidd olaraq bu günədək de-fakto Ermənistanın nəzarəti altındadır. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən yeddi rayonundan 750 min nəfərdən artıq azərbaycanlı Ermənistan silahlı qüvvələri tərəfindən güclə qovulub.
Biz 25 ildir məcburi köçkün həyatını yaşayırıq. Bizim öz mülklərimizə sahib çıxmaq, öz doğma diyarlarımıza, şəhərlərimizə, kəndlərimizə və evlərimizə qayıdaraq orada yaşamaq üçün fundamental insan hüquqlarımız kobud şəkildə pozulur.
Xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun qeyri-qanuni işğal olunması nəticəsində azərbaycanlı məcburi köçkünlərin insan hüquqlarının kobud şəkildə pozulmasını Avropa İnsan Hüquqları Məhkəməsi də təsdiq edib. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsi vurğulayıb ki, Ermənistan bununla Avropa İnsan Hüquqları Konvensiyasını da pozur. Lakin xarici ölkələrdə yaşayan erməni icmaları və lobbisi beynəlxalq mediada Dağlıq Qarabağda yaşayan erməni icmasını “qurban” qismində təqdim etməkdə, Azərbaycanda onların insan hüquqlarının guya pozulmasını, Azərbaycanı “qeyri-demokratik” ölkə kimi və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış marionet işğalçı rejimin guya “demokratiya” qurması niyyətini yalan məlumatlarla təşviq etməkdə davam edir. Ermənistan xarici ölkələrdəki çoxsaylı icmaları və lobbisi vasitəsilə Azərbaycana qarşı ciddi dezinformasiya və qarayaxma kampaniyası aparır.
Cəmi 25 il bundan əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycanın demokratik inkişaf sahəsində olan ən xırda belə problemi beynəlxalq mətbuatda şişirdilir və geniş yayılır, Ermənistanda bu sahədə mövcud olan ciddi problemlərdən isə, ümumiyyətlə, danışılmır. Bu ikili standartlar deyilmi?
Məlum olduğu kimi, xaricdə olan erməni icmaları və lobbisi Fransada da “elektoral şantaj diplomatiyası” həyata keçirərək seçkilər zamanı erməni icmasının üzvlərinin səslərindən asılı olan Fransanın bəzi şəhərlərinin merlərini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşən şəhərlərlə qeyri-qanuni “dostluq xartiyaları” imzalamağa sövq edirlər. Misal üçün, Fransanın Burq-le-Valans şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bizim tarixi Şuşa şəhərimizlə qeyri-qanuni “dostluq xartiyası” imzalayıb. Burq-le-Valans şəhərinin meri bu qanunsuz və beynəlxalq hüquqa zidd olan addımını əsaslandırmağa cəhd edərək bəyan edib ki, o, orada “demokratiyaya dəstək” üçün bunu edir.
Bu gün biz, Azərbaycanın qədim tarixi şəhərlərindən biri olan Şuşa şəhərinin əsl vətəndaşları Burq-le-Valans şəhərinin merinin nəzərinə çatdırmaq istərdik ki, 1989-cu ildə Şuşa şəhərinin 20 mindən artıq əhalisi olub, bunlardan təxminən 93 faizini Azərbaycan mənşəli azərbaycanlılar, təxminən 7 faizə yaxınını isə erməni mənşəli azərbaycanlılar təşkil edib. 1992-ci il mayın 8-də Ermənistan silahlı ordusu Şuşa şəhərini qeyri-qanuni olaraq işğal edib və orada etnik təmizləmə həyata keçirib. Şuşanın yüzlərlə azərbaycanlı sakini xüsusi amansızlıqla qətlə yetirilib, yüzlərlə sakini yaralanıb və əlil olub, 600-dən artıq uşaq valideynlərini itirib, minlərlə sakin doğma yuvasını, doğma Şuşa şəhərini tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş azərbaycanlıların taleyi barədə bu günə qədər məlumat yoxdur. Bu gün Şuşa şəhərində bir nəfər də olsun azərbaycanlı yaşamır və orada yalnız ermənilər yaşayırlar. Bir sözlə, etnik təmizləmə nəticəsində şəhər erməniləşdirilib və bu gün orada yalnız ermənilərin yaşaması güc yolu ilə təmin edilib.
Bizim sizə sualımız ondan ibarətdir ki, hər hansı şəhərin güc yolu ilə milliyətinin dəyişdirilməsinə, həmin şəhərin əsl əhalisinin öz doğma şəhərindən qovulması və məcburi köçkünə çevrilməsi, Şuşa şəhərinin etnik təmizləmə nəticəsində erməniləşdirilməsinə beynəlxalq hüquqa zidd olaraq əsassız bəraət qazandırmaq “demokratiyaya dəstək” adlandırıla bilərmi? Beynəlxalq hüquqa, demokratiyaya və insan hüquqlarına zidd olan bu kimi qeyri-qanuni addımlar insan hüquqlarına beşik ölkə sayılan Fransanın dəyərlərinə uyğundurmu? Burq-le-Valans şəhərinin meri bir neçə saniyəlik təsəvvür edə bilərmi ki, Ermənistan Burq-le-Valans şəhərini də qeyri-qanuni olaraq güc yolu ilə işğal edir, orada yaşayan fransız mənşəli fransızları güc yolu ilə qovur, onun özü məcburi köçkünə çevrilir, bu şəhərin əhalisinin tamamilə erməni mənşəli olması təmin edilir və sonra orada yaradılan qanunsuz şəhər “rəhbərliyi” ilə digər ölkələrin şəhərləri arasında “demokratiyaya dəstək” adı ilə qeyri-qanuni “dostluq xartiyaları” imzalanır və əməkdaşlıq qurulur?
Eyni zamanda, nəzərinizə çatdırmaq istərdik ki, Ermənistan Respublikasının hazırkı hakimiyyəti hər zaman Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının öz müqəddəratını təyin etmək və konkret olaraq orada yeni süni dövlət yaratmaq arzusunu səsləndirir. Lakin unutmaq olmaz ki, ermənilər Qafqazda öz müqəddəratını artıq bir dəfə təyin edərək hazırkı Ermənistan Respublikasını yaradıblar və əgər bu məntiqlə bütün xarici ölkələrdə yaşayan erməni icmaları yaşadıqları həmin ölkələrin ərazilərində “öz müqəddəratını təyin etmək” adı ilə yeni süni dövlətlər yaratsalar, bu halda dünyada, o cümlədən, Fransada, ABŞ-da, Rusiyada, Gürcüstanda, Azərbaycanda, Türkiyədə, Argentinada və erməni icmaları yaşayan digər ölkələrdə yüzlərlə yeni süni erməni “dövlətləri” yaradıla bilər. Bizim bildiyimizə görə, beynəlxalq hüquqda, konkret olaraq isə ATƏT-in Helsinki Yekun Aktında hər bir halda öz müqəddəratını təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünə xələl gətirməsi halında tətbiq edilə bilməyəcəyi aydın şəkildə vurğulanıb. Başqa sözlə, öz müqəddəratını təyinetmə dövlətlərin ərazi bütövlüyünü pozmamalıdır.
Vətəndaşı olduğumuz Azərbaycan Respublikasının hökuməti dəfələrlə bəyan edib ki, Azərbaycan və erməni mənşəli Azərbaycan vətəndaşlarının sülh şəraitində birgə yaşayacaqları Dağlıq Qarabağ bölgəsinə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli özünüidarəetmə muxtariyyəti verilə bilər. Bu baxımdan, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icmaları arasında dialoqun qurulması və inkişafı da böyük əhəmiyyət kəsb edir. Lakin əfsuslar olsun ki, Ermənistan Respublikasının hazırkı hakimiyyəti buna ciddi maneə olur.
Fransa Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi mühüm qətnamələrin qəbulunda birbaşa iştirak edib, bu qətnamələrə istinadən yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri qismində ATƏT-in Helsinki Yekun Aktına əsasən ikitərəfli əsasda da hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyərək öz beynəlxalq öhdəliklərinə hörmətlə yanaşıb. Bütün bu sənədlərə və beynəlxalq hüququn norma və prinsiplərinə əsasən Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Lakin Fransa tərəfindən atılmış bu addımlar bizim 25 ildən artıq məcburi köçkün kimi yaşadığımız bu müvəqqəti dövrün yekunlaşmasını və bizim öz doğma diyarlarımıza, şəhərlərimizə, kəndlərimizə və evlərimizə qayıtmağımızı və orada erməni mənşəli digər Azərbaycan vətəndaşları ilə birlikdə sülh şəraitində yaşamağımızı təmin etmək üçün kifayət deyil və buna görə də Fransa Ermənistana təzyiqini artırmalıdır.
Mətbuatda yazılır ki, siz azərbaycanlı qadınların xüsusi amansızlıqla qətlə yetirildiyi Xocalı soyqırımının təşkilatçısı - Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanı 2017-ci il martın 8-də - Beynəlxalq Qadınlar Günü bayramında Parisdə qəbul edəcəksiniz. Bununla əlaqədar, Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan bütün qadınları adından sizdən xahiş edirik, ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan Prezidentinə təzyiq göstərəsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Helsinki Yekun Aktına istinadən sülh yolu ilə həll edilməsinə, həmçinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına və inkişafına, “Ermənistan-Azərbaycan Sülh Platforması”nın fəaliyyətinə və biz məcburi köçkünlərin insan hüquqlarının tezliklə bərpasına və 2018-ci ildə növbəti beynəlxalq qadınlar bayramını öz doğma diyarlarımızda, şəhərlərimizdə, kəndlərimizdə və evlərimizdə qeyd etməyimizə maneə göstərməsin.
Sadəcə olaraq biz sizdən ədaləti dəstəkləməyinizi və beynəlxalq hüququn, tarixi ədalətin və bizim insan hüquqlarımızın öz tarixi və doğma torpaqlarımız olan ölkəmizin Dağlıq Qarabağ bölgəsində təmin edilməsini xahiş edirik.
Biz ümid edirik ki, Fransa beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü, ATƏT-in Minsk qrupunun həmsədri kimi yuxarıda qeyd etdiyimiz beynəlxalq öhdəliklərinə əsasən öz obyektiv vasitəçilik funksiyasını daha da gücləndirəcək və Ermənistan prezidentinə təzyiqlərini artıracaq”.
Azərtac