Qərargah: Tapılan kişi meyiti itkin düşən neftçiyə məxsusdur
Dekabrın 15-də Xəzərdə estakadada baş verən bədbəxt hadisə nəticəsində itkin düşən neftçilərin axtarışı ilə bağlı yaradılan Axtarış-xilasetmə Qərargahı yeni məlumat yayıb.
Qərargahdan 1news.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində martın 4 – də aşkar edilən kişi meyitinin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “avadanlığın təmiri və xidməti üzrə mexanik” vəzifəsində çalışmış 1957 ci il təvəllüdlü Həsənov Elçin Yaqub oğluna məxsus olduğu müəyyən edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
1news.az