Vitse-prezident vidalaşmaq üçün Milli Məclisə gəlib
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilir.
1news.az APA-ya istinadən xəbər verir ki, iclası açıq elan edən spiker Oqtay Əsədov iclasda iştirak edən Mehriban Əliyevanı birinci vitse-prezident təyin olunması münasibətilə deputatlar adından təbrik edib.
O. Əsədov qeyd edib ki, Mehriban Əliyeva parlament fəaliyyəti ilə qanunvericiliyin inkişafına böyük töhfə verib:
“Mehriban xanım 4 amnistiya aktının müəllifidir. Hər amnistya aktının 10 min insanın azadlığa qovuşmasına nəzərə alsaq, Mehriban xanımın minlərlə ailəyə sevinc bəxş etdiyini görmüş olarıq. Bundan başqa, Mehriban xanım ABŞ və Fransa ilə parlamentlərarası əlaqələrin inkişafında da müstəsna rol oynayıb. O, Heydər Əliyev Fondunun rəhbəri kimi də xalq arasında müstəsna hörmətə və nüfuza malikdir”.
Spiker bildirib ki, bu təyinat ölkənin ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək:
“Biz inanrıq ki, Mehriban xanım bu vəzifədə də öz xalqına böyük xidmətlər göstərəcək”.
Mehriban Əliyevanın parlamentə budəfəki gəlişi Milli Məclislə vida xarakteri daşıyır.
Dünənədək millət vəkili mandatı daşıyan Mehriban xanımın deputat səlahiyyətləri Mərkəzi Seçki Komissiyasının 6 mart 2017-ci il tarixli qərarı ilə geri alınıb. Bu qərar onun Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ilə bağlıdır.
Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilmişdi.
Bu il fevralın 21-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
Qeyd edək ki, iclasın gündəliyinə 13 məsələ daxildir.
Bunlar arasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi də var.
1news.az