“Xədicə İsmayıl doğrudan da ermənilərlə işbirliyi içindədir” – FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Xədicə İsmayıl doğrudan da ermənilərlə işbirliyi içindədir” – FOTO

10:30 - 08 / 05 / 2017
“Xədicə İsmayıl doğrudan da ermənilərlə işbirliyi içindədir” – FOTO

Mayın 3-də Dünya Mətbuat Azadlığı günündə Qətərin məşhur “əl-Cəzirə” telekanalının ingilisdilli saytında Xədicə İsmayılın “Araşdırma jurnalistikasının artan önəmi” adlı məqaləsi dərc edilib.

Məqalədə Xədicə İsmayıl Azərbaycan hökumətini tənqid edib, ölkədə mətbuata qarşı təzyiqlər edilməsi, araşdırmaçı jurnalistlərin sıxışdırılması ilə bağlı ittihamlar səsləndirib.

Bunun ardınca saytda Azər Həsrətin “Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?” başlıqlı geniş yazısı dərc edilib. O yazısında Azərbaycanda medianın durumu ilə bağlı Xədicə İsmayıldan fərqli mövqe ilə çıxış edərək X.İsmayılın yalanlarına tutarlı faktlarla cavab verib. Əl-Cəzirə isə hər iki yazını fərqli mövqe kimi yayımlayıb.

Lakin A.Həsrətin məqaləsində az sonra X.İsmayıl tvit ataraq Azər Həsrəti hakimiyyətin sözçüsü adlandırıb: “Azərbaycan hakimiyyətinin sözçüsü mənə cavab verdi. Özü də o, Beynəlxalq Mətbuat İnstitutu və başqa beynəlxalq qurumların adı altında kölgələnir”.

Maraqlıdır ki, X.İsmayılın bu reaksiyası ermənilər tərəfindən dərhal diqqətə alınıb və onlar sosial şəbəkələrdə jurnalist A.Həsrəti aşağılayan statuslar yazmağa başlayıblar. Onların ən fəallarından olan Ani Vandaryan adlı tvitter istifadəçisi belə bir paylaşım edib: “Azərbaycan hakimiyyətinə loyallığının əvəzində bugünlərdə İndoneziya səfərilə mükafatlandırılan rejim tərəfdarı - qulluqçusu Azər Həsrətin yazısı”.

Azər Həsrət bununla bağlı 1news.az-a açıqlamasında məlum hadisələrdən təəccüblənmədiyini, X.İsmayılın sözügedən məqaləsini əsassız ittihamlar üzərində yazdığını söyləyib:

“Qətərin “əl-Cəzirə” telekanalının ingilisdilli saytında Azərbaycandan iki məqalə dərc olunub. Biri Xədicə İsmayılın, o biri isə mənim məqaləmdir. Xədicə İsmayılın məqaləsi birtərəflə, anti-Azərbaycan mövqeyindən çıxış edən bir məqalədir. Mənim məqaləm isə tam obyektiv, eyni zamanda onun əsassız ittihamlarına bir cavab kimi yazılan bir məqalədir. Məqaləmdə konkret olaraq Azərbaycanla bağlı faktları sadalamışam, ölkədə baş verən proseslər və sairə ilə bağlı obyektiv mövqeyimi ifadə etmişəm.

Xədicə İsmayılın əsassız ittihamlarına, böhtan və şərlərinə normal bir cavab vermək lazım idi. O cavabı da mən vermişəm. Bununla da məsələ əslində qapanmalı idi. Amma anlaşılan odur ki, sosial şəbəkələrdə mənim məqaləm çıxan kimi Xədicə İsmayıl mənə qarşı kampaniya başlatdı və dərhal da bu kampaniyaya ermənilər qoşuldu. Artıq burada cidanı çuvalda gizlətmək mümkün deyil. Bəlli oldu ki, Xədicə İsmayılın apardığı kampaniyanın arxasında doğrudan da ermənilər dayanır”.

A.Həsrətin sözlərinə görə, X.İsmayılın yazısından dərhal sonra ermənilərin ona qarşı hücuma keçməsi X.İsmayılın ermənilərlə iş birliyi içində olmasını göstərir:

“Uzun illərdir deyirik ki, Xədicə İsmayıl və onun kimi adamlar ermənilərlə iş birliyi içindədir, onlar anti-Azərbaycan təbliğatı ilə məşğuldurlar. Lakin bəzi adamlar bizi tənqid edirdilər ki, siz də hər tənqidə görə adamları ermənipərəst elan edirsiniz. Amma bu məqalələr dərc olunandan sonra Xədicə İsmayılın bir işarəsi ilə ermənilərin mənə qarşı hücuma keçməsi onu göstərir ki, Xədicə İsmayıl doğrudan da o ermənilərlə iş birliyi içindədir. Düzdür, o bunu etiraf eləmir, deyir ki, bu məsələnin ona heç bir dəxli yoxdur, guya ermənilər özləri hərəkət edirlər. Amma mən özüm də sosial şəbəkələrin fəal istifadəçisi olduğum üçün nəyin nə olduğunu yaxşı bilirəm”.

X.İsmayılın onu rüşvətlə dolanan bir adam adlandırmasını həzm edə bilməyən A.Həsrət bununla bağlı lazımi ölçü götürəcəyini deyib:

“Diqqətimi o çəkir ki, Xədicə İsmayıl sosial şəbəkələrdə etdiyi sonrakı açıqlamalarında məni erməni kimi bir adam adlandırmaqla yanaşı, mənim rüşvətlə dolandığımı iddia edir. Təbii ki, bu ittihamlarına, böhtanlarına görə o cavab verməli olacaq. Hazırda xaricdəyəm. Bakıya qayıdandan sonra bu məsələlərlə bağlı daha geniş açıqlamam və çıxışlarım olacaq. Yəni Xədicə İsmayıla kimin daha çox erməni olduğunu, kimin rüşvətlə dolandığını, ümumiyyətlə, kimin hansı yolun yolçusu olduğunu göstərəcəm.

Xədicə İsmayıl doğrudan da media azadlığı prinsiplərinə sadiq idisə gərək məsələni bu həddə çatdırmayaydı. O yazını yazmışdı, mən də bir cavab yazdım və bununla da məsələ qapanmalı idi. Ancaq təəssüflər olsun ki, o dözümsüzlük nümayiş etdirdi, fikir plüralizminə qarşı dözümsüz yanaşdı və təbii ki, biz də buna uyğun davranacağıq”.

X.İsmayıla qarşı konkret hansı addımları atacağına gəlincə, A.Həsrət müzakirə və mübahisələrin sivil platformada aparılmasının tərəfdarı olduğunu söyləyib:

“Heç vaxt kimisə təhqir etmirəm, eyni zamanda kiməsə şər və böhtan atılmasının tərəfdarı deyiləm. Amma qeyd etdiyim kimi, Xədicə İsmayıl mənə qarşı böhtan və şər atıb və təbii ki, buna görə də cavab verməli olacaq. Ona öz jurnalist peşəkarlığımdan istifadə edərək cavab verməyi düşünürəm.

Təbii ki, ona verəcəyim o cavabı ingilis dilinə tərcümə etdirərək Xədicə İsmayılın bağlı olduğu beynəlxalq təşkilatlara da göndərəcəm. Onlardan soruşacam ki, əgər siz doğrudan da fikir plüralizmindən, media azadlığı və sair məsələlərdən danışırsınızsa, bu adam dözümsüzlük nümayiş etdirib, eyni zamanda heç bir əsas olmadan məni erməni və rüşvətxor adlandırır. Təbii ki, bunun cavabı mütləq verilməlidir.

Biz bu cür adamlara hər zaman dözümlü yanaşmışıq. Ancaq hər şeyin də bir həddi var. Mən vəzifə sahibi deyiləm ki, rüşvət almağa şansım da ola. Heç bir rəsmi işin sahibi deyiləm. Heç bir dövlət qurumunda təmsil olunmuram. Ümumiyyətlə, mənim tutduğum vəzifələrdə rüşvət almaq üçün şans belə yoxdur. Ona görə də Xədicə İsmayıl mənə atdığı şər və böhtana görə cavab verməli olacaq”.

Göründüyü kimi, siyasi fəaliyyətində əsasən anti-Azərbaycan mövqeyindən çıxış edən X.İsmayıl ölkəmizin nüfuzuna xələl gətirməkdən çəkinməyərək növbəti dəfə Azərbaycana qarşı kampaniyaya başlayıb.

Təəssüf doğuran məqam isə bu kampaniyanın Azərbaycana düşmən olan qüvvələrin, xüsusən də torpaqlarımızı uzun müddətdir ki, işğalda saxlayan ermənilərin işinə yaramasıdır.

Yəni, X.İsmayıl “əl-Cəzirə” kimi məşhur bir telekanal üçün anti-Azərbaycan ruhunda məqalə yazmaqla növbəti dəfə ölkəmizə düşmən olan qüvvələrin dəyirmanına su tökmüş oldu.

Ölkəmizdə problemlərin olmasını heç kəs inkar etmir. Hətta dövlət başçısı İlham Əliyev də çıxışlarında dəfələrlə bu barədə danışıb, mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verib.

Hətta dünyanın ən inkişaf etmiş dövlətlərində belə demək olar ki, bütün sahələrdə problemlər mövcuddur. Belə olan halda X.İsmayıl kimi “azadlıq çarçılarının” hər bir fürsətdə anti-Azərbaycan kampaniyası aparmaları başadüşülən deyil. Onlar nəzərə almalıdırlar ki, bu cür qarayaxma kampaniyaları ilk öncə bizə düşmən olan qüvvələrin xeyrinə işləməklə, ölkəmizin nüfuzuna ciddi xələl gətirir. Bu amil mütləq nəzərə alınmalıdır.

1news.az

Paylaş:
1353

Son xəbərlər

Bütün xəbərlər