Səyyar “ASAN xidmət” Mərdəkan və Abşeron Gənclər Evində
Səyyar “ASAN xidmət” mayın 16-dan 31-dək Xəzər rayonunun Mərdəkan qəsəbəsində vətəndaşlara kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) göstərəcək.
1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, bununla yanaşı, səyyar “ASAN xidmət” tərəfindən Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Qeyd edək ki, səyyar “ASAN xidmət”in 10 avtobusu və həmçinin səyyar “ASAN qatar” dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Ətraflı məlumat üçün vətəndaşlar 108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
S.Xankişiyeva