Jurnalistlərə yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb – FOTO
Kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb.
1news.az-ın məlumatına görə, ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən KİV-in (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet portalı və sayt) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini vermək hüquq var.
Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər.
Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimatlar verilə bilər.
Azərbaycanda jurnalistikanın inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlər və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər.
Adları Mətbuat Şurasının “qara siyahısı”na daxil edilmiş, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.
Göstərilən sənədlər may ayının 22-dən iyun ayının 22-dək Komissiyaya təqdim edilməlidir.
Babək Cahandarov