Rafael Ağayev: Adi restorana da gedirəm, 1 manatlıq çay evinə də
Ata olmaq böyük məsuliyyətdir. Bir çox idmançılar ailə qurandan sonra daha az məşq edirlər. Mən isə əksinə, əvvəlkindən də artıq məşq edirəm.
1news.az-ın məlumatına görə, bunu 5 qat dünya, 10 qat Avropa çempionu, İslam Oyunlarının ikiqat qalibi Rafael Ağayev bu gün keçirdiyi mətbuat konfransında deyib:
“Bəzi idmançılarımız kimi lovğalanmağı sevmirəm. Molla yanına, adi restorana, 1 manatlıq çay evinə də gedirəm. Öz keçmişini, kim olduğunu və haradan gəldiyini unutmamalısan. Allah bir anda insanı ən yüksəkliyə qaldıra, onu yerin dibinə endirə də bilər. Ona görə də heç vaxt sinif yoldaşlarımı, müəllimlərimi və köhnə dostlarımı unutmuram”.
R.Ağayev dostluğa böyük dəyər verdiyini söyləyib:
“Mənim üçün dostluq müqəddəs bir şeydir. Nəyinsə xatirinə dostluq edənləri başa düşmürəm. Özüm çox kasıb ailədə böyümüşəm. Buna görə də hər şeyin dəyərini yaxşı bilirəm”.
Məşhur idmançı boş vaxtlarını necə dəyərləndiyini də söyləyib:
“Boş vaxtlarımda adətən kinoya gedir, dostlarımla görüşürəm. Bundan başqa futbolu çox sevirəm, komandalardan “Yuventus”a azarkeşlik edirəm. Futbolçulardan isə Roberto Baco, Del Pyero, Ronaldinyo və Canluici Buffonu bəyənirəm”.
Gələcək planlarından da danışan R.Ağayev əsə məqsədinin 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu da vurğulayıb.
Babək Cahandarov