Akif Əlizadə Bolqarıstanın ölkəmizdəki səfiri ilə görüşüb – FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristova ilə görüşüb.
1news.az-a Akademiyadan verilən xəbərə görə, AMEA-nın tarixi və fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən akademik Akif Əlizadə Akademiyanın elmi müəssisə və təşkilatlarında aparılan mühüm elmi tədqiqatlardan danışıb.
AMEA-nın prezidenti iki ölkənin akademiyaları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində marağını ifadə edərək, bunun üçün dəstək verməyə hazır olduğunu bildirib.
Maya Hristova səmimi qəbula görə AMEA rəhbərliyinə öz minnətdarlığını bildirib. Ölkələrimiz arasında dostluq münasibətlərinin tarixindən danışan xanım səfir son bir neçə ildə Azərbaycan-Bolqarıstan əlaqələrinin sürətli inkişaf mərhələsinə daxil olduğunu deyib. Bolqarıstanın təhsil sahəsində aparılan islahatlar haqqında danışan M.Hristova ölkənin tədris proqramları haqqında məlumat verib. Səfir bu ilin iyun ayında Bakıda Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə tədbir keçiriləcəyini deyib, AMEA-nın prezidentini bu tədbirə dəvət edib.
Görüşdə İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak edib.
S.Xankişiyeva