Musa Qasımlı: ÜAK-ın ləğvi ilə bağlı qərar ədalətsizdir və daha çox siyasi çalarlar daşıyır
Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə dair Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ədalətsizdir, daha çox siyasi çalarlar daşıyır.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiasına əsasən bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsini şərh edərkən deyib:
“Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə dair Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ədalətsizdir, daha çox siyasi çalarlar daşıyır, arxasında açıq deyilə bilməyən müəyyən niyyətlərin dayandığı şəksizdir. Çünki, hamıya yaxşı məlumdur ki, ÜAK Rusiya Federasiyasının qanunları əsasında fəaliyyət göstərir, bu ölkənin daxili işlərinə qətiyyən müdaxilə etmir və Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişaf etdirilməsi yolunda çalışır”.
Millət vəkilinin fikrincə, belə bir qərarın qəbul edilməsinin arxasında erməni diasporası və lobbisi, Azərbaycan-Rusiya münasibətlərinin inkişafını istəməyən, onu pozmağa çalışan digər qüvvələr dayanır. O sözügedən qərarın iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın üzərinə kölgə saldığını, qarşılıqlı münasibətlərdə xoşagəlməz bir səhifə olduğunu da sözlərinə əlavə edib:
“Ədalətin səhv siyasi qərarlara qurban verilməsi nəticəsində yazılmış bu qara səhifənin cırılıb atılacağına, yuxarı instansiyaların məhkəmənin bu yanlış qərarını düzəldəcəyinə və ədalətin bərpa olunacağına ümid edirəm.
Qərarı qəbul edənlər ölkəmizdə təqribən son 200 ilə yaxın bir dövrdə yaranmış rus icmasının təşkilatlarının fəaliyyəti üçün Azərbaycan dövlətinin yaratdığı bütün əlverişli şəraiti xatırlamalı və nəzərə almalı idilər”.
Babək Cahandarov