Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb
Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyasının nümayəndələri İzmirin Karşıyaka bələdiyyəsinin sədri Hüseyin Mutlu Akpınar ilə görüşüb.
1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə federasiyanın fəaliyyəti və planları barədə bələdiyyə sədrinə məlumat verilib.
Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Xocalı soyqırımını İzmirdə daha geniş təbliğ etmək təşkilatın əsas hədəflərindən biridir. Xocalı qurbanlarının xatirəsini yaşatmaq məqsədilə H.M.Akpınardan bələdiyyə ərazisində hər hansı parka, təsisata və ya bir küçəyə Xocalı adı verilməsi təklif olunub.
Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyasının təklifini müsbət qarşılayan bələdiyyə sədri məsələ ilə bağlı müvafiq göstərişlər verəcəyini diqqətə çatıdırıb. Azərbaycanla Türkiyənin bir millət, iki dövlət olmasını xatırladan H.M.Akpınar Qarabağ həqiqətlərinin təbliği, eləcə də digər istiqamətlərdə Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyasına dəstək olacaqlarını bildirib.
Görüşdə Federasiyanın sədri İsa Ambarcı, onun müavini Murat Çifçi, təşkilatın nümayəndələri Mehmet Ali Kalafat, Orhan Akyıldırım, jurnalist Nigar Ögeday, təhsil üzrə mütəxəssis Özay Demir Arsel və rəssam Gülnarə Muxtarova Pamuk iştirak edib.
Pərvanə Sultanova