XİN rəhbəri: Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü əsasında nizamlanmalıdır
Xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyanın Beynəlxalq İnkişaf və Sakit okean üzrə naziri Konketta Fierravanti-Vells ilə görüşüb.
1news.az XİN-ə istinadla xəbər verir ki, görüşdə Azərbaycan və Avstraliya arasında ikitərəfli münasibətlərin inkişafından və son dövrlər qarşılıqlı səfərlərin artmasından məmnunluq ifadə olunub.
Nazirlər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirərək, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Konketta Fierravanti-Vells Azərbaycana səfər edən ilk avstraliyalı nazir olmasından məmnunluq ifadə edib və bu ilin oktyabr ayında avstraliyalı iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfər edəcəyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verən E. Məmmədyarov, münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalı olduğunu qeyd edib.
Konketta Fierravanti-Vells ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
Görüşdə ikitərəfli münasibətlərdə parlament diplomatiyasının önəmi vurğulanıb və bu xüsusda Avstraliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun fəaliyyətindən razılıq ifadə edilib.
Nazirlər, həmçinin, Azərbaycanla Avstraliya arasında gəmiqayırma, kənd təsərrüfatı, turizm və ərazilərin minalardan təmizlə sahəsində əməkdaşlığın inkişafı etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Pərvanə Sultanova