Qənirə Paşayeva: “AŞPA insanları köçkün salan səbəblərə qarşı mübarizəni gücləndirməlidir” - FOTO
Millət vəkili Qənirə Paşayeva AŞPA-da Avropada miqrantların, köçkünlərin vəziyyəti ilə bağlı məruzələrin müzakirəsi zamanı çıxış edib.
1news.az-ın məlumatına görə, o, Azərbaycan əleyhinə böhtanlarla çıxış edən Ermənistan nümayəndə heyətinə sərt cavab verib.
“Avropada qaçqınlara qarşı hücumların artması, burada olan hər kəsi, hamımızı ciddi şəkildə narahat etməlidir. Fiziki zorla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bizi çox ciddi şəkildə qayğılandırmalıdır ki, insanlığa zidd olan bu kimi hallara qarşı ciddi addımlar ata bilək. Bu baxımdan biz, Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq”, - deyə deputat vurğulayıb.
Q. Paşayeva Azərbaycanın dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biri olduğunu xatırladaraq, qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz evində köçkün düşüb: “İşğalçı Ermənistan bu gün bu köçkünlərin öz vətənlərinə, evlərinə dönməsinə izn vermir. Bundan əlavə, çox ağır durumda olmağımıza baxmayaraq, o illərdə on minlərlə Ahıska türkünü ölkəmizdə qəbul etdik. Azərbaycan dövləti və xalqı onlara qucaq açdı. Bu gün də müxtəlif bölgələrdən və ölkələrdən gələrək ölkəmizə sığınmış insanlara diqqət və sayğı ilə yanaşırıq. On minlərlə köçkünü qəbul etmək asan deyil, amma onlara əlimizdən gələn bütün yardımları etməliyik. O insanların hansı acılar içərisində bizə pənah gətirdiklərini unutmamalıyıq və dəstək olmalıyıq. Bu baxımdan 3 milyon köçkünə qucaq açaraq onlara dəstək olan və ən çox köçkünün yaşadığı Türkiyəyə buradan təşəkkür etmək istəyirəm. Mən Türkiyədə İraq və Suriyadan olan köçkünlərlə görüşmüşəm və onlar Türkiyə dövləti və xalqının onlara qucaq açmasını və hər cür dəstək göstərməsini şükranlıqla deyir, təşəkkür edirlər. Dəyərli həmkarlarım, Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu beynəlxalq sənədlərdə də öz əksini tapır. Eyni zamanda bu insani dəyərlərlə də doğru yanaşma deyil. Amma Ermənistan Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərdən öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadə etməkdə davam edir. Onları Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirir. Yəni bu insanları bilərəkdən işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirirlər ki, Ermənistanın bu qeyri-insani, qeyri-qanuni əməlləri AŞPA daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına ziddir və biz Miqrasiya və Köçkünlər Komitəsini, Parlament Assambleyasını Ermənistanın münaqişənin həllinə də mənfi təsir göstərən bu qeyri-qanunu əməllərinə səssiz qalmamağa çağırırıq. Mən buradan bir az öncə Azərbaycan əleyhinə yalanlarla dolu çıxış edən Melkumyana səslənərək demək istəyirəm ki, sizin yalanlarınıza ən gözəl cavab bu Assambleyanın, Parlament Assambleyasının qəbul etdiyi qərarlardır, 1416 saylı qərar da daxil olmaqla. O qərarlarda birmənalı olaraq ölkənizin işğalçı olduğu vurğulanır və işğala son vermənizə çağırış edilir. Bunu dayandırın”.
Q. Paşayeva nəticələrdən çox insanları köçkün salan səbəblərlə mübarizə aparılmasının vacibliyini vurğulayıb: “Əks halda köçkünlərin sayı da, problemlər də azalmayacaq, daha da artacaq. Ona görə Assambleyamız insanları köçkün salan səbəblərə qarşı da mübarizəsini gücləndirməlidir”.
1news.az