İstanbulda QDİƏT-in xarici işlər nazirləri şurasının 36-cı iclası keçirilir
İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının 36-cı iclası işə başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Rəsmi açılışda Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız və QDİƏT-in baş katibi Maykl Kristidesin çıxışları dinlənilib. Çıxışlarda təşkilatın 25 illik fəaliyyətindən və perspektivlərdən bəhs olunub.
Bir gün keçiriləcək iclasda Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi yolları və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.
İclasda nazir müavini Mahmud Məmmədquliyevin çıxışı nəzərdə tutulub.
S.Xankişiyeva