Qənirə Paşayeva AŞPA-nı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıb | 1news.az | Xəbərlər
Siyasət

Qənirə Paşayeva AŞPA-nı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıb

15:30 - 30 / 06 / 2017
Qənirə Paşayeva AŞPA-nı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıb

Millət vəkili Qənirə Paşayeva Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış edib.

1news.az-ın verdiyi xəbərə görə, o, Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə xüsusi diqqət yetirib, AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb.

Avropa Şurasının baş katibi Tyorbörn Yaqlanda D. Əsgərov və Ş. Quliyevin azad edilməsi istiqamətində verdiyi açıqlamalara görə təşəkkür edən Q. Paşayeva bununla belə təəssüflə qeyd edib ki, Azərbaycan dövlətinin səylərinə, çalışmalarına, T. Yaqlandın açıqlamalarına baxmayaraq, onların azadlığa buraxılması istiqamətində hələlik heç bir müsbət irəliləyiş yoxdur:

“Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlamaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır.  Bu insanların heç bir günahı yoxdur. Onlar sadəcə köçkün düşdükləri evlərini, atalarının, ailə üzvlərinin, yaxınlarının məzarlarını ziyarət etməyə  gediblər. Amma Ermənistan dövləti aylardır bu insanlara zülm edir”.

Millət vəkili bildirib ki, D. Əsgərov və Ş. Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasından bu istiqamətdə daha böyük səylər gözləyir. “Mən Azərbaycan dövlətinin təmsilçisi olaraq sizləri, Assambleyamızı bu insanlıqdan kənar, qeyri-qanunu əməllərinə son verməsi üçün Ermənistan dövlətinə, hökumətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıram. Biz AŞPA-dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik. Dəyərli dostlar, Ermənistan AŞPA-nın qəbul etdiyi və Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağıran 1416 saylı qətnamənin həyata keçirilməsi istiqamətində heç bir addım atmır. Bu qətnamənin qəbul edildiyi zamandan bu günə rəsmi İrəvan onun yerinə yetirilməsi istiqamətində bir addım belə atmayıb.

Ermənistan bir neçə ay əvvəl Sərsəng su anbarı ətrafında müzakirələr zamanı qəbul edilən qətnamənin həyata keçirilməsi istiqamətində də heç bir addım atmır. AŞPA-da alınan bu qərarların həyata keçirilməməsi və Ermənistan tərəfindən onlara məhəl qoyulmaması bölgədəki gərginliyi daha da artırır. Bölgədəki gərginliyin azalması üçün AŞPA-nın qəbul etdiyi qərarların həyata keçirilməsi istiqamətində Ermənistana təzyiq göstərməsi lazımdır. Dəyərli həmkarlar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən 1416 saylı qətnamə bu Assambleyada qəbul olunmadımı? Qərarı sizlər vermədinizmi? 1416 saylı qərar nə üçün həyata keçirilmir? Sizlər Ermənistandan bu qərarların həyata keçirilməsini tələb etməlisiniz. Aldığınız qərarlara məhəl qoymurlarsa, təzyiq göstərməlisiniz. AŞPA nə üçün Azərbaycan torpaqlarının 20 faizini 25 ildir işğal altında saxlayan, AŞPA-nın işğal edilmiş torpaqlardan çəkilməsinə dair qətnamələrinə əməl etməyən Ermənistanın buradakı nümayəndə heyətinin “səsvermə haqqının alınması” ilə bağlı məsələni müzakirə edib, qərar qəbul etmir?

25 ildir öz evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən sadəcə aldığınız qərarların, qəbul etdiyiniz qətnamələrin həyata keçirilməsi üçün Ermənistana təzyiq göstərmənizi gözləyir, sizi buna çağırır və bu istiqamətdə qısa zamanda ciddi addımlar atmağa çağırır. Dünya və Avropa çox ağır günlərdən keçir. Bunun səbəbi təkcə dünyada artan iqtisadi böhranlar deyil. Avropa Şurasının sərhədləri yaxınlığında artan gərginliklər, müharibə və münaqişə ocaqları bizi çox ciddi narahat etməlidir. Assambleyamız mədəniyyətlər, dinlərarası müstəvidə gərginliklərin surətlə artmasından ciddi narahat olmalı, bu gərginliklərin gələcəkdə böyük faciələrə səbəb ola biləcəyini, Avropanın və bütün dünyanın gələcəyi üçün böyük təhlükələr yaradacağını heç bir zaman unutmamalıdır. Bunun qarşısını almağın yolu isə ikili standartlara yol vermədən birlikdə daha çox çalışmaqdır”.

Q. Paşayeva qeyd edib ki, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoqun, multikulturalizmin genişlənməsi mövzusu AŞPA-nın daim gündəmində olmalıdır:

“Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verməliyik, bu istiqamətdə uğurlar qazanan ölkələrin modellərinin bütün Avropa və dünyada daha geniş yayılmasına çalışmalıyıq. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. O səbəbdən də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq, mənfi meyllərin qarşısının alınması istiqamətində, irqçiliyə qarşı mübarizədə ümumi səylərimizi gücləndirməliyik. Bütün üzv ölkələrdə multikulturalizmin önəmi ilə bağlı daha çox işlərin görülməsinə və AŞPA-da tez-tez bu istiqamətdə müzakirələrə böyük ehtiyac var. Avropada islamofobiya, antisemitizmin artması hamımızı ciddi narahat etməlidir və buna qarşı AŞPA daha çox işlər görməlidir, birlikdə mübarizəmizi gücləndirməliyik".

S.Xankişiyeva

Paylaş:
773

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər