Səfirlik iş adamı Rəşad Qafarovun ölümü ilə bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Siyasət

Səfirlik iş adamı Rəşad Qafarovun ölümü ilə bağlı açıqlama yayıb

13:57 - 04 / 07 / 2017
Səfirlik iş adamı Rəşad Qafarovun ölümü ilə bağlı açıqlama yayıb

Azərbaycanın  bəzi kütləvi informasiya vasitələrində mərhum Rəşad Qafarova dair qeyri- dəqiq məlumatların yayılması ilə əlaqədar olaraq ölkəmizin Çexiyadakı səfirliyi  açıqlama ilə çıxış edib.

1news.az-a daxil olan məlumatda deyilir ki, cari ilin 29 iyun tarixində Azərbaycan Respublikasının vətəndaşı Rəşad Qafarov Çexiyanın Praqa şəhərində özünə məxsus nəqliyyat vasitəsində cansız vəziyyətdə polis tərəfindən aşkarlanıb:

“Bu məsələ ilə bağlı səfirlik polis orqanları ilə əlaqə saxlayaraq, baş vermiş hadisənin təfərrüatları barədə məlumat əldə etməyə çalışıb. Baş verən hadisənin qətl hadisəsi kimi törədildiyi ehtimal olunur. Hal-hazırda Çexiyanın hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır. Səfirliyin konsulluğu tərəfindən mərhumun ailə üzvlərinə lazımı köməklik və dəstək göstərilir.

 Bəzi Azərbaycan kütləvi informasiya vasitələrində  mərhum R.Qafarovun Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin hər hansı bir nümayəndəsi ilə ortaq biznes maraqlarının olması ilə əlaqədar olaraq əsassız iddialar irəli sürülüb. Bu məlumat açıq böhtan xarakteri daşıyır.

Qeyd etmək istərdik ki, mərhum Rəşad Qafarov Azərbaycanın Çexiyadakı diasporasının fəal üzvlərindən biri olub. Mərhum artıq 2008-ci ildən Çexiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və çalışdığı sektorda kifayət qədər nüfuz sahibi olub.

İstintaq aparıldığı zaman KİV-lərdə qeyri-dəqiq məlumatın dərc  olunması istintaqın gedişinə,  habelə, Azərbaycan səfirliyinin  Çexiyadakı fəaliyyətinə mənfi təsir göstərəcək, zərər yetirəcəkdir. Bununla əlaqədar, məlumatların hər tərəfli yoxlanılması zəruridir”.

Pərvanə Sultanova

Paylaş:
1431

Son xəbərlər

Bütün xəbərlər