Körpə qatili ermənilər: Zəhranın ölümünə görə kim cavab verəcək? - ANALİZ
Məlum olduğu kimi, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin (MN) məlumatına görə, Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1966-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2016-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
“Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”- deyə, MN-dən bildiriblər.
XİN: Mülki insanların öldürülməsi Ermənistanın terrorçu mahiyyətini bir daha sübut edir
Az sonar Xarici İşlər Nazirliyi (XİN) də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində mülki şəxslərin ölümü ilə nəticələnən növbəti irimiqyaslı təxribatı ilə əlaqədar bəyanat yaydı. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin yaydığı bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.
“Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır.
Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır.
Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir.
Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistanın öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını və işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidirlər.
Yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”- deyə, bəyanatda qeyd olunub.
Həmsədrlər bu dəfə də ənənələrinə sadiq qaldılar
ATƏT-in Minsk qrupu həmsədrləri də ötən gün Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisə ilə bağlı bəyanat yayıblar. Təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağıran həmsədrlər “Zorakılıq yalnız daha yeni zorakılığa yol açır. Bu, uzun sürən münaqişənin həlli üçün yeganə məsuliyyətli və insani yol tərəflərin danışıqlar masasına qayıtmasıdır”- deyə, bəyanatlarında qeyd ediblər.
Bəyanatdan da göründüyü kimi, həmsədrlər Ermənistanın mülki əhaliyə qarşı terror aktını pisləmək, ona təqyiq etmək əvəzinə, yenə ənənlərinə sadiq qalaraq tərəfləri hərbi əməliyyatları dayandırmağa çalışmaqla kifayətləniblər.
Düşmən təxribatının daha iki azyaşlı qurbanı: Fariz və Aygün...
Qeyd edək ki, birinci dəfə deyil ki, erməni silahlıları mülki əhalinin yaşadığı yaşayış məntəqələrini atəşə tuturlar. Məlumata görə, 1994-cü ildə atəşkəs rejimin elan olunmasına baxmayaraq, ötən dövrdə 33 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü ölüb, 19-u yaralanıb.
Görünür günü-gündən güclənən, keçən ilin aprel döyüşlərində olduğu kimi hər an sarsıdıcı zərbə vurmağa hazır olan ordumuzun gücünə yaxşı bələd olan düşmən mülki əhalini hədəf alıb. Bu isə təəccüb doğurmamalıdır. Çünki yaltaq, həyasız və vəhşi olduqları qədər də qorxaq olan ermənilər hər zaman öz güclərini uşaqların, qadınların və yaşlı insanların üzərlərində göstəriblər.
Xatırladaq ki, 2011-ci il martın 8-də erməni snayperindən açılan atəş nəticəsində Ağdam rayonunun Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlu qətlə yetirilib. Ailəsinin yeganə övladı olan 9 yaşlı Farizin ölümü atəşkəs dövründə ermənilər tərəfindən törədilən ən dəhşətli qətllərdən biridir.
Farizin qətlindən az sonra isə daha bir uşaq erməni vəhşiliyinin qurbanı olub. Belə ki, həmin il iyul ayının 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində Ermənistan xüsusi xidmət orqanlarının oyuncağa quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə yaralanıb.
Politoloq: Ermənistana qarşı ciddi tədbirlərin həyata keçirilməsini gözləyirik
Politoloq Fikrət Sadıqov 1news.az-a açıqlamasında baş verən hadisənin dinc əhaliyə qarşı terror aktı, vandalizm olduğunu deyib. Onun sözlərinə görə, ermənilər təmas xəttində olan Azərbaycan hərbçisi ilə üz-üzə gəlməkdən ehtiyat etdiklərindən, qorxduqlarından dinc əhlaiyə qarşı müharibə aparırlar:
“Ermənistan rəhbərliyinin bunda məqsədi daxili problemləri ört-basdır etmək, əhalisinin diqqətini bu problemlərdən yayındırmaq və Azərbaycanı birmənalı şəkildə münaqişənin alovlanmasında günahlandırmaqdır. Yaddan çıxarmaq lazım deyil ki, artıq rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə razılıq verib. Bir sıra dövlətlər də artıq məsələyə münasibət bildirərək status-kvonun davam etməsindən narahat olduqlarını bəyan ediblər. Görünür, Ermənitan bunları nəzərə alaraq status-kvonun qalması üçün belə hərəkətlər edir.
Reallıq ondan ibarətdir ki, Ermənistan Azərbaycan tərəfindən adekvat zərbələr alır, biz bütün döyüş nöqtələrində onlara layiqli cavablarını veririk. Amma görünür, Sarkisyan komandası Xocalı ilə bağlı malik olduğu “zəngin təcrübəsi”ndən çıxış edərək dinc əhaliyə qarşı hərəkətləri davam etdirir. Onlar hesab edirlər ki, bu, cəzasız qalacaq”.
Politoloq xatırladıb ki, dünyanın digər ölkələrində, o cümlədən MDB məkanında bu cür oxşar hadisələr baş verəndə həmin dövlətə qarşı sanksiyalar tətbiq edilir, BMT Təhlükəsizlik Şurasının təcili toplanması tələb olunur, Ermənistana münasibətdə isə bu, müşahidə olunmur:
“Ona görə biz çox istərdik ki, Minsk qrupu həmsərləri baş verən hadisəyə tutarlı münasibət bildirsinlər. Biz bunu tələb edirik və Ermənistana qarşı ciddi tədbirlərin həyata keçirilməsini gözləyirik”.
Millət vəkili: İnanıram ki, ermənilərin bu son cinayətin də cavabı layiqincə veriləcək
Millət vəkili Rövşən Rzayev isə hesab edir ki, beynəlxalq qurumlar, xüsusilə də ATƏT-in Mink qrupunun həmsədr dövlətləri qəti şəkildə məsələyə mövqe bildirməlidirlər. Onlar erməni separatçılarının Azərbaycan ərazilərindən çıxarılmasını, Ermənistanın bu kimi təxribatlara son qoymasını tələb etməlidirlər:
“Təəssüflər olsun ki, bunu etmirlər və nəticədə də Ermənistanın silahlı qüvvələri öz işğalçılıq siyasətini davam etdirmək üçün bu cür təxribatlara əl atır, Azərbaycana qarşı qarayaxma kampaniyaları aparır. Bütün dünyaya deyirlər ki, guya atəşkəsi Azərbaycan pozur. Əslində isə onlar Azərbaycanın mülki əhalisini atəşə tutur, iriçaplı silahlardan istifadə etməklə mülki əhalini qətlə yetirir, onların mülklərinə ziyan vururlar. Sarkisyan səhra komandiri olmuş bir adamdır və o, cani kimi çıxış edir”.
Millət vəkili ermənilər tərəfindən bu kimi təxribatların mütəmadi olaraq həyata keçirildiyini xatırladıb:
“Təbii ki, Azərbaycan Silahlı Qüvvələri onlara tutarlı cavab verir və inanıram ki, bu son cinayətin də cavabı layiqincə veriləcək. Hansı ki, biz buna ötən ilin aprel ayında da şahid olduq. Eyni xətlə Azərbaycanın mülki əhalisinə silahları tuşlamışdılar, təxribat törətmişdilər və cavablarını almışdılar. İndi də bu yola əl atmalarına həmin siyasətin davamı kimi baxmaq lazımdır.
Təəssüflər olsun ki, beynəlxalq aləm, xüsusilə də ATƏT-in Minsk qrupu buna qəti qiymət verməyi bacarmır. Amma görünür ki, erməniləri dəstəkləyən qüvvələr çoxdur və ona görə də onlara bu cür imkan yaradırlar və ermənilər də bundan lazımınca yararlanırlar”.
Qeyd edək ki, son hadisələr bir daha Ermənistanın xof, qorxu içində olduğunu göstərir. Azərbaycan Ordusu ilə üz-üzə gəlməkdən ehtiyat edən düşmən mülki insanları hədəf almaqla vəziyyəti öz xeyrinə dəyişəcəyinə ümid edir.
Nə olursa olsun, ermənilər öz mənfur əməllərinə hansı don geyindirirlərsə geyindirsinlər, gec-tez haqq-ədalət öz yerini tapacaq və şanlı Ordumuz aprel döyüşlərində olduğu kimi düşmənə daha sarsıdıcı zərbə vuraraq bütün şəhidlərimizin qisasını alacaqlar.
Pərvanə Sultanova, Babək Cahandarov