Hüquq müdafiəçiləri bəyanat yaydılar: Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır
“İyul ayının 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində Füzuli rayonunun Alxanlı kənd sakinlərinin Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhranın həlak olması, bir qadının isə ağır yaralnaması Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törədiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır”.
1news.az-ın məlumatına görə, bu, Azərbaycanın hüquq müdafiəçilərinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı yaydıqları bəyanatda öz əksini tapıb.
Hüquq müdafiəçiləri bəyan edirlər ki, 1998-ci ildən bəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aidiyyatı olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edib. Bütün bu ərazilər erməilər tərəfindən etnik təmizləməyə məruz qalıb:
“Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 5 min nəfərdən çox insan isə əsir və itkin düşmüşdür. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs barədə razılıq əldə olunsa da, bu dövr ərzində Ermənistan Silahlı Qüvvələrinin hücumları və təxribatları nəticəsində Azərbaycan Respublikasının yüzlərlə hərbi qulluqçusu və dinc sakini həlak olub”.
Hüquq müdafiəçiləri bildiriblər ki, Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə görə bu günə qədər beynəlxalq məsuliyyətə cəlb olunmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır:
“Buna görə biz beynəlxalq birliyi, BMT və digər beynəlxalq təşkilatları Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına hüquqi-siyasi qiymət verməyə, Ermənistana müvafiq sanksiyaları tətbiq etməyə, xüsusilə yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə laqeyd qalmamağa çağırırıq”.
Qeyd edək ki, bəyanatı Azərbaycanın 15 tanınmış hüquq müdafiəçisi imzalayıb. Sənəd ingilis dilinə tərcümə olunaraq beynəlxalq təşkilatlara təqdim edilib.
Babək Cahandarov