Monteneqronun baş nazirinin sabiq müavini: Ermənistan hərbçilərinin dinc azərbaycanlıları öldürməsi vandalizm aktıdır – FOTO
Monteneqronun Pozitiv Partiyasının sədri, ölkənin Baş nazirinin sabiq müavini, sabiq millət vəkili, insan hüquqları üzrə vəkil Azra Jasaviçin geniş oxucu kütləsinə malik olan “volimpodgoricu”, “dijaspora.news” internet xəbər portallarında iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayəti qətiyyətlə pisləyən bəyanatı yerləşdirilib.
1news.az-a Azərbaycanın Monteneqrodakı Diplomatik Nümayəndəliyindən verilən xəbərə görə, bəyanatda deyilir:
“Bütün dünyada hərbi münaqişələr səngimək bilmir və onlar günahsız mülki əhaliyə təhdid yaradır. Vəhşicəsinə öldürülümüş yeni doğulmuş körpələrin, anaların, nənələrin dəhşətli şəkilləri sağlam düşüncəli heç bir insanı laqeyd qoymur.
Ermənistan silahlı qüvvələri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini qəsdən minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutublar. Bu vəhşilik nəticəsində Allahverdiyeva (Quliyeva) Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra həlak olublar, bir nəfər isə ağır yaralanıb. Ermənistan silahlı qüvvələrinin bu təxribatı, yaşlı qadının və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktıdır.
Qətlə yetirilmiş 2 yaşlı uşağın və onun nənəsinin ürəkdağlayan şəkilləri bizi bu ağrı və kədərə laqeyd qalmamağa vadar edir.
Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının və onun 1 saylı Əlavəsinin, həmçinin uşaqların hüquqları və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların əsaslı və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi məqamda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır.
Bir Monteneqro vətəndaşı, bir ana, bir vəkil və dünyada günahsız insanların ölümünə hüznlə yanaşan şəxs kimi Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi daha bir ağır cinayəti qətiyyətlə pisləyirəm. Dünya ictimaiyyəti bu dəhşətli hadisəyə diqqət yetirməlidir. ATƏT-in Minsk qrupunu və beynəlxalq təşkilatları bu işğalçı siyasətin dayandırılmasına yönəlmiş qətiyyətli tədbirlərin görülməsini və beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, işğal nəticəsində yaranmış status-kvonun dəyişdirilməsini Ermənistandan tələb etməyə çağırıram.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralanan mülki şəxsin tezliklə sağalmasını arzu edirəm”.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
Mövzu ilə əlaqədar oxuyun:
Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb
Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO
Mehriban Əliyeva: Allah balaca Zəhraya rəhmət eləsin!
Körpə qatili ermənilər: Zəhranın ölümünə görə kim cavab verəcək? – ANALİZ
S.Xankişiyeva