Almaniyada yaşayan soydaşlarımız Berlində etiraz aksiyası keçirəcək
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və ikiyaşlı nəvəsi Zəhranın həlak olmalarına, Səlminaz Quliyevanın isə yaralanmasına etiraz olaraq Almaniyada yaşayan soydaşlarımız Berlində aksiya keçirəcək.
1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, aksiya iyulun 8-də saat 14.00-da Berlində, Brandenburq qapılarının qarşısında təşkil ediləcək.
Mitinqdə Berlində və digər şəhərlərdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının təmsilçilərinin, türk və digər xalqların icmalarının nümayəndələrinin iştirakı gözlənilir. Aksiya iştirakçıları Berlin sakinlərinin və qonaqların diqqətini erməni vəhşiliklərinə yönəltmək məqsədilə müxtəlif şüarlar səsləndirəcək, sonda Almaniyanın rəsmi qurumlarına müraciət qəbul edəcəklər.
Etiraz aksiyası Almaniya Azərbaycan Evi, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi və “Odlar Yurdu” cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
Mövzu ilə əlaqədar oxuyun:
Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb
Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO
Mehriban Əliyeva: Allah balaca Zəhraya rəhmət eləsin!
Körpə qatili ermənilər: Zəhranın ölümünə görə kim cavab verəcək? – ANALİZ
S.Xankişiyeva